Təhlükəyə qarşı yeni plan- TƏHLİL

Təhlükəyə qarşı yeni plan- TƏHLİL

Yaxın perspektivdə Hindistan, Yaxın Şərq və Avropanı birləşdirən yeni iqtisadi dəhliz fəaliyyətə başlaya bilər. 

Qeyd edək ki, son zamanlar beynəlxalq gündəmdə ən aktual mövzulardan biri olan Yəməndəki husilərin Qırmızı dənizdə İsrailə doğru hərəkət edən beynəlxalq ticarət gəmilərinə intensiv hücumları İsraili alternativ marşrut yoluna baş vurmağa vadar edib. 

“Middle East Monitor”-nun məlumatına görə, artıq bir müddətdir ki, İsrail xaricdən idxal etdiyi mal və məhsulların körfəz sularından başlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistan və İordaniya üzərindən ölkə ərazisinə daşınmasını planlaşdırır. 

İsrailin bu planın arxasında hansı məqsədlər dayanır? 

Xatırladaq ki, 2023-ci ilin oktyabrın 7-də İsrail Müdafiə Ordusunun Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları başlayıb. Müəyyən müddət keçəndən sonra İran İslam İnqılabı Keşikçiləri Qvardiyası tərəfindən himayə olunan “Ənsurullah” hərəkatı – Husilər Fələstin xalqına dəstək adı altında Qırmızı dənizdə İsrailə enerji, ərzaq və digər strateji xarakterli məhsullar daşıyan beynəlxalq gəmilərə intensiv hücumlar təşkil edir. 

Qırmızı dənizdə bu cür təhlükələrin yaşanması qlobal ticarətin inkişafına ciddi ziyan vurur. Artıq bu proses müəyyən mənada özünü göstərməyə başlayıb. Bu yaxınlarda Misirin müvafiq qurumunun rəhbəri Usamə Rabia yerli mətbuata açıqlamasında Husilərin hücumları səbəbindən Süveyş kanalının gəlirlərinin 46% -ə qədər azaldığını bildirib:

 “Keçən ilin yanvarında gəlirlər 804 milyon dollar, bu il isə 428 milyon dollar olub”.  

Eyni zamanda, ABŞ və Böyük Britaniyanın təyyarə daşıyan və xüsusi ballistik raketlərlə təzcih olunan hərbi gəmilərin Yəməndə husilərə qarşı hücum əməliyyatlarının intenviləşməsi və husilərin də buna qarşılıqlı cavab verməsi beynəlxalq logistik şirkətləri əvvəlki marşrut yolundan istifadə etməyə, yəni Afrikanın Ümid burnundan və qitənin şərq sahillərindən keçməklə Aralıq dənizinə doğru hərəkət etməyə vadar edir. 

Bu, sözsüz ki, həm uzun vaxt aparır, həm də çox baha başa gəlir. Bütün bu halların qarşısını almaq üçün İsrail Ərəb yarmadasının şərq sahillərindən İsrailə qədər uzanan marşrut yoluna üstünlük verməyə qərara gəlib. 

Rəsmi Təl-Əvivdə hesab edirlər ki, bu alternativ marşrut yolundan istifadə etməklə həm daşınma qiymətlərini ucuz etmək, həm də zamanı qısaltmaq mümkün olacaq. Doğrudur, bu barədə sosial mediada yayılan məlumatlar hələ İsrail, Səudiyyə Ərəbistan və BƏƏ tərəfindən təsdiqlənməyib, İordaniya da belə bir marşrutun yaxın zamanda açılacağını təzkib edir. 

Lakin İsrailin “Kanal 13” televiziyası belə bir məlumat yayıb ki, hazırda artıq bəzi gəmilər körfəz sularından BƏƏ-nin Dubay limanına doğru hərəkət edir. Kanalın məlumatında qeyd olunur ki, ilk növbədə gəmilərdəki mal və məhsullar limana boşadılacaq, ondan sonra həmin məhsullar BƏƏ və Səudiyyə Ərəbistan üzərindən İordaniyaya, oradan isə İsrailə daşınacaq. “Kanal 13” həmçinin xəbər verir ki, daşınma əməliyyatlarını BƏƏ-nin “Puretrans FZCO” və İsrailin “Puretrans FZCO” logistik şirkətləri birgə həyata keçərəcəklər. Hər iki şirkətə məxsus yük maşınları əsasən qida və plastik məhsullar, kimyəvi maddələr və elektron cihazları daşıyacaq.

“Kanal 13” onu da bildirib ki, Qəzza zolağında müharibənin davam etməsinə və ərazidə məskunlaşan dinc əhalinin öz yurdlarından didərgin düşməsinə baxmayaraq, Körfəz ölkələri – Səudiyyə Ərəbistan və BƏƏ İsrailin bu istiqamətdə planlarına əngəl yaratmaq niyyətində deyil. Yəni İsrail, Səudiyyə Ərəbistan və BƏƏ yeni alternativ marşrut üzrə əməkdaşlıq edəcəklər. 

Bununla yanaşı, İsrailin nəqliyyat naziri Miri Reqev öz “X” hesabında bu alternativ marşrut yolun işə düşməsi üçün şəxsən təşəbbüskarlıq göstərdiyini qeyd edib. O, Təv-Əvivin bu məsələdə ciddi uğurlar qazanacağına ümid edir. Bütün bunlara nəzərən qeyd etmək lazımdır ki, İsrailin Qırmızı dəniz və Suveyş kanalına alternativ olan yeni marşrut yolunun istifadəsi istiqamətində təşəbbüsləri ABŞ tərəfindən irəli sürülən layihə - “Hindistan-Yaxın Şərq-Avropa” iqtisadi dəhlizinin qısa müddət ərzində həyata keçməsinə gətirib çıxara bilər. 

Görünən odur ki, Təl-Əvivin addımları elə Vaşinqtonun arzusunun reallaşmasına yönəlib. Vaşinqtonun layihəsi həqiqətən İsrail və Hindistanın geoiqtisadi maraqlarına xidmət edir. Rəsmi Təl-Əvivin təşəbbüsləri də, şübhəsiz ki, Hindistan tərəfindən yüksək qiymətləndiriləcək. Çünki Hindistan strateji əhəmiyyətli mal və məhsullarını körfəz ölkələri – BƏƏ və Səudiyyə Ərəbistan, İordaniya və İsrail üzərindən Avropa ölkələrinə daşıması üçün münasib imkanlar əldə edəcək. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və İordaniyanın Vaşinqtonun layihəsindən imtina etməsi də inandırıcı deyil. Düzdür, üç ölkə İsrailin Qəzzada hərbi əməliyyatlarını kəskin şəkildə pisləyir, amma İsrailin təşəbbüslərinə heç bir halda əngəl yaratmayacaq. 

Əksinə həm Ər-Riyad, həm də Əbu-Dabi, həm də Əmman İsraillə bu istiqamətdə əməkdaşlığı daha da gücləndirəcək. Onu da nəzərə alaq ki, ABŞ-nin Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistan və BƏƏ üzərində təzyiq imkanları çoxdur. İsrail və körfəz ölkələrinin ilkin təşəbbüsləri müsbət nəticələr doğurarsa, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin beynəlxalq logistik şirkətləri bu iqtisadi dəhlizin həyata keçirilməsi üzrə investisiya layihələri həyata keçirəcəklər.

İsrail, İordaniya, Səudiyyə Ərəbistan və BƏƏ –nin birgə addımlarının Vaşinqtonun iqtisadi layihəsinin baş tutmasında əhəmiyyətli rol oyanacağı indidən anlaşılır. Qırmızı dənizdəki hərəkət istiqamətlərinin bundan sonrakı taleyinə gəlincə, yeni beynəlxalq iqtisadi dəhliz işə düşəcəyi təqdirdə hətta husilərin hücumları dayansa belə, beynəlxalq logistik şirkətlər mövcud marşrut yolundan əvvəlki kimi istifadə etməyəcəklər. 

Ancaq bu məsələdə mühüm bir məqamı diqqətdən qaçırmaq olmaz. Hazırda Yaxın Şərqdə mövcud vəziyyət gərginləşməyə doğru gedir. İsrail-HƏMAS müharibəsi, İsrail ilə “Hizbullah” arasında hərbi toqquşmalar, ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hücum əməliyyatları, Suriya və İraqda İran hakimiyyətinə bağlı olan proksi qüvvələrin ABŞ-nın regionda hərbi bazalarına hücumları, o cümlədən Vaşinqtonun həmin proksi qüvvələrə əks-hücumları – bütün bu amillər Yaxın Şərqin genişmiqyaslı müharibə meydanına çevrilməsi ehtimalından xəbər verir.

O qədər inandırıcı görsənməsə də, ABŞ ilə İran arasında hərbi toqquşma baş verə bilər. İstənilən halda bu toqquşma Körfəz sularında sabitliyi təhlükə altına almaqla yanaşı bütün Körfəz ölkələri, İsrail və İraqın təhlükəsizliyinə ciddi problem yaradacaq. 

Bu baxımdan ABŞ-nin “Hindistan-Yaxın Şərq- Avropa” iqtisadi dəhlizi fiaskoya uğrayacaq. 

Yunis Abdullayev 
"Cebhe.info"