Xameneyi rejiminin intiharı: İran Zəngəzura ərazi iddiası edir

Xameneyi rejiminin intiharı: İran Zəngəzura ərazi iddiası edir

İranın son addımları Xameneyi rejiminin Azərbaycana qarşı daha genişmiqyaslı terror və hərbi təxribatlar hazırladığını deməyə əsas verir.

Bu təhlükə özünü İranın həm Azərbaycanın cənub sərhədlərində güc nümayişində, həm Ermənistana siyasi, hərbi və iqtisadi dəstəyin artırılmasında göstərir. İran bununla Cənubi Qafqazda Azərbaycanın sərhədlərinin genişlənməsindən narahatlığını nümayiş etdirir. Çünki qeyd edilən amil İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda geosiyasi mövqelərinin gücləndirən əsas konyuktuura çevrilib. Bu səbəbdən, rəsmi Tehran xarici siyasətində Cənubi Qafqazla bağlı "sərhədlərin dəyişilməzliyi" strategiyasını elan edib. Bu siyasət Azərbaycanın işğal altındakı əraziləri üzərində suverenliyinin tanınmamasını, Ermənistanla Azərbaycan arasında münaqişəni bərpa etməklə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə mane olmağı, Zəngəzur dəhlizinin açılmasının qarşısını almağı nəzərdə tutur. Ona görə də İran son zamanlar bütün müstəvilərdə Azərbaycana qarşı təzyiq vasitələrindən istifadə edir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son vaxtlar Azərbaycanı təhdid edən fəaliyyətinə də bu rakursdan baxmaq lazımdır. SEPAH-ın Azərbaycanın cənub sərhədinə qoşun toplaması barədə məlumatlar, İrana məxsus qırıcıların Zəngilan-Biləsuvar istiqamətində dövlət sərhədini pozması bölgədə gərginliyin artmasına səbəb olub. Yəni İran süni qarşıdurma yaratmaqla regiondakı proseslərə aktiv müdaxilə imkanları əldə etmək istəyir. SEPAH-ın Zəngəzurla bağlı paylaşdığı xəritə də İranın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirilə bilər. İslam İnqilabı Keşikçiləri Korpusu özünün "Telegram" kanalında Zəngəzur dəhlizi ilə bağlı xəritə və “Sünik canımızın bir parçasıdır!” cümləsini paylaşıb. Əslində, bu paylaşımı etməklə İran bir sıra mesajlarını çatdırmaq istəyir. Bu sətiraltı xəbərdarlıq Azərbaycanla yanaşı, regionda marağı olan digər ölkələrə ünvanlanıb.

İran rejimi ilk növbədə, Zəngəəzur dəhlizini özünün strateji maraqları üçün "qırmızı xətt" hesab etdiyini və buna mane olmaq üçün lazım gəlsə, güc təbiqindən çəkinməyəcəyini demək istəyir. Xəritənin SEPAH-a məxsus "Telegram" kanalından paylaşılması da məhz buna işarədir. Əgər yanvarın 28-də SEPAH-ın gizli əməkdaşı Azərbaycana səfirliyində terror aktı törətmişdisə, bu dəfə İnqilab Keşikçiləri Ordusunun Azərbaycanla sərhəddə cəmləşdirilməsi İranın daha geniş miqyasda hərbi təxribata əl atmaq niyyətindən xəbər verir. Lakin İran rejimi Azərbaycana qarşı birbaşa hərbi müdaxilə, yaxud müharibə edəcəyi təqdirdə özünü zərrbə altında qoyacağını yaxşı anlayır. Yəni ən azı Türkiyə, İsrail, ABŞ və Böyük Britaniya İran ordusuna kəskin zərbələr endirə bilər. Azərbaycana qarşı müharibə nüvə silahı əldə etmək istəyən İranı cəzalandırmağa çalışan İsrail və Qərb dövlətləri üçün əlverişli bəhanə olar. Çünki İranın hərbi təcavüzü baş verərsə, hazırda İsrailin zərbə endirmək çağırışlarına müsbət cavab verməyə tələsməyən Qərb dövlətlərinin Azərbaycandakı enerji layihələrini təhlükə altına qoyacaq. Bu isə Qərbin İsrailin təklifini dəstəkləməsi deməkdir.

Digər tərəfdən, rəsmi Tehranın Azərbaycana qarşı açıq müharibəyə başlaması İranın siyasi intiharına səbəb ola bilər. Yəni Cənubi Azərbaycanda milli hərəkatın oyanması İranın parçalanması və teokratik rejimin devrilməsi ilə nəticələnəcək. Ona görə də bu riskləri nəzərə alan İran rejimi başqa taktikadan istifadə edir. Qeyd edək ki, İranın hücum xarakterli bu təxribatı və ya "sərhədlərin dəyişilməzliyi" strategiyası yalnız Azərbaycana qarşı deyil, həm də Türkiyənin Cənubi Qafqazda geosiyasi təsir dairəsinin qarşısını almağa yönəlib. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Türkiyənin Naxçıvan-Ermənistan-Azərbaycanın digər əraziləri marşrutu üzrə Mərkəzi Asiyaya çıxışını, eləcə də Çinlə Avropa arasında "Orta dəhliz"in reallaşmasını təmin etmiş olur. İran isə buna mane olmaq üçün regionda münaqişə, terror aktları törətməkdən çəkinmir. Sözügedən hərbi təhdidlər də Azərbaycanı bu prosesdən çəkindirmək məqsədi daşıyır.

İran eyni zamanda, İsrailin bölgədə fəallığının artmasını özünə qarşı təhlükə hesab edir. Söhbət Azərbaycanla İsrail arasında hərbii əməkdaşlığın dərinləşməsindən və Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından gedir. Lakin bu tərəfdaşlıq münasibətlərin İrana qarşı yönəlməsi barədə rəsmi Tehran heç bir fakt təqdim edə bilməyib. Buna baxmayaraq, İsrail hər hansı müharibə baş verərəsə, Azərbaycanın milli təhlükəsizliyinin İrandan müdafiə olunmasında iştirak edəcəyini gizlətmir. Bunu İsrail sabiq baş naziri Ehhud Olmert də bu yaxınlarda Bakıya səfəri zamanı təsdiq edib.

Həmçinin, 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycana qarşı müdaxiləyə yol verən istənilən dövlət, o cümlədən İran qarşısında Türkiyəni görəcək. Ona görə də İran rejimi potensial təhlükələrdən yayınmaq üçün Azərbaycana qarşı Ermənistan vasitəsilə təzyiq göstərməyə çalışır. ümumiyyətlə, xarici qüvvələrin regiona müdaxiləsi hazırda Ermənistan üzərindən həyata keçirilir. Bu kontekstdə Fransa, Avropa İttifaqı, Almaniya, İran, Rusiya və ABŞ-ın Ermənistanda fəallaşması təsadüfi deyil. İran da Cənubi Qafqaza Ermənistan ərazisindən, daha dəqiq desək, Zəngəzurdan daxil olmağa və Azərbaycana qarşı cənubdan deyil, qərbdən hücumlar təşkil etməklə zərbədən yayınmağa çalışır. İranın hələ ötən il Qafanda baş konsulluq açması da bu məqsədə hesablanıb.

Türkiyə mediasında yayılan məlumatlara görə, İran Qarabağda vəziyyəti ermənilərin xeyrinə dəyişmək üçün Suriyada yezidilərdən və şiə milislərindən ibarət 4000 terrorçuya təlim keçir. Bu da SEPAH-ın silahlı dəstələri Ermənistana, oradan da mümkün olsa Qarabağa daşımaq planından xəbər verir.SEPAH-ın "Sünik canımızın bir parçasıdır!" paylaşımı da Zəngəzur dəhlizinin İran üçün "qırmızı xətt" olduğunu xatırlatmaqla yekunlaşmır. SEPAH həm də özünü dolayısı ilə Zəngəzurun təhlükəsizliyinin təminatçısı kimi təqdim edir. Yəni İran dolayısı ilə Zəngəzura ərazi iddiasını ortaya qoyur. Bu isə İranın yalnız Zəngəzur dəhlizinin deyil, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtmaq istəyindən narahat olduğunu deməyə əsas verir.

Müşfiq Abdulla
Cebhe.info