Xankəndi qarışır: Araikin yerinə yeni “namizəd”

Xankəndi qarışır: Araikin yerinə yeni “namizəd”

Qarabağdakı qondarma rejimin "parlament"i saxta konstitusiyasına dəyişikliyin edilməsi ilə bağlı layihəni birinci oxunuşda yekdilliklə qəbul edib.

Təbii ki, ermənilərin Qarabağda nə respublikası var, nə parlamenti, nə də konstitusiya adlanan kağız parçası. Bu məlumatın mahiyyətində söhbət əslində başqa məqamlardan gedir. Qeyd edilir ki, layihə ilə bağlı yazılı təkliflərin verilməsi üçün son tarix bu il martın 21-i saat 17:00-a təyin edilib. Ermənistan mətbuatıının yazdığına görə, "sənəd" ayın 21-də qəbul olunacaq. Bundan sonra qondarma rejimin rəhbərliyində ciddi dəyişiklik baş verəcək.

Qeyd edək ki, adıçəkilən sənədə əlavə və dəyişikliklərin edilməsi qondarma qurumun başçısı Araik Arutyunyanın təşəbbüsü ilə irəli sürülüb. "Konstitusiya"nın indiki mətninə görə, rejimin rəhbəri istefa verdikdə, vəfat etdikdə, səlahiyyətlərinə xitam verildikdə və ya ona etimadsızlıq göstərildikdə "parlament" buraxılır. Bundan sonra qondarma prezident və parlamentə növbədənkənar seçkiləri keçirilir. Araikin tərəfindən edilən dəyişikliyə əsasən, uydurma prezident postunu tərk etdikdə "parlament" buraxılmayacaq, fəaliyyətini davam etdirəcək və separatçı rejimin başçısını seçə biləcək.

Bu isə o deməkdir ki, yayılan məlumatlara uyğun olaraq, Araik Arutyunyan martın 21-dən sonra istefaya verdiyini bəyan edəcək. Əslində, onun istefa verməsi üçün heç bir maneə yoxdur. Problem onu kimin əvəz etməsi ilə bağlı qondarma rejimin daxilindəki hərbi, siyasi və kriminal qruplar arasındakı çəkişmənin doğuracağı nəticələrlə bağlıdır. Eyni zamanda, Ermənistan və Rusiya da bu prosesə müdaxilə edir. Yəni Ermənistanın Baş naziri Nikol Paşinyan Araik Arutyunyanın rejimə rəhbərliyi tərk etməsinə qarşıdır. Ən pis halda isə Paşinyan Araikin yerinə özünə daha sadiq adamı gətirmək niyyətindədir. Eyni zamanda, Köçəryan-Sarkisyan klanı da yaranmış fürsəti əldən verməməyə və Araik Arutyunyanın postuna öz adamını təyin etməyə çalışacaq.

Rusiya isə mövcud boşluğu Ruben Vardanyanın hesabına doldurmaq istəyəcək. Bu məsələdə Ermənistan müxalifəti və Rusiya eyni mövqedən çıxış edə bilər. Ancaq postAraik dövrü siyasi çevrələrin və silahlı qruplar arasında kəskin qarşıdurmaya səbəb olacaq. Ona görə də A.Arutyunyan görünür, vəziyyəti bəribaşdan nəzarətə götürməyi qərara alıb və bu sifarişin Nikol Paşinyandan gəldiyi şübhə doğurmur. Yəni yeni "konstitusiya"nın mətni imkan verir ki, Araik istefa versə də, parlament adlandırılan dəstə buraxılmasın.

Beləliklə, Araikin yerinə uydurma parlament Araikin əvvəldən özünə siyasi varis kimi müəyyən etdiyi adamı seçsin. Onun namizədliyini isə Araik Arutyunyan yox, Paşinyan müəyyən edəcək. Böyük ehtimalla Araiki qondarma parlamentin sədri Artur Tovmasyan əvəzləyəcək.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Qarabağdakı erməni separatçılarının "konstitusiya"ya etdiyi düzəlişlər Araik Arutyunyanın istefasına hesablanıb. Görünür, Araik baş verən son proseslərdən kənarlaşmaq istəyir:

"Azərbaycan Qarabağdakı erməni vətəndaşların reinteqrasiyasına başlamağa çalışır. Düşünürəm ki, Araikin yerini Vardanyan tutmayacaq. Çünki Azərbaycan bununla razılaşmaz. Ola bilər ki, Paşinyana yaxın bir şəxs orada rəhbərliyə gətirilsin. Amma məsələ bundadır ki, Rusiya buna mane olmağa çalışacaq. Bu baxımdan, bütün tərəflərin razılaşdırdığı ortaq bir nəfərin üzərində dayanacaqları istisna edilmir.

Qeyd edilən "islahat"ın da qondarma rejimin rəhbərliyindəki dəyişikliklərə hesablandığı şübhə doğurmur. Görünür, Qarabağdakı separatçılar da Azərbaycanın güclənməsinin və reinteqrasiya prosesinin başlanmasının fərqindədir, bununla barışırlar".

Müşfiq Abdulla
Cebhe.info