Zəngəzur dəhlizi Paşinyanı dalana dirəyib: Putin şərti qəbul edəcəkmi?

Zəngəzur dəhlizi Paşinyanı dalana dirəyib: Putin şərti qəbul edəcəkmi?

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə Zəngəzur dəhlizinin açılması məsələsi əsas müzakirələrdən birini təşkil edib.

Xüsusilə də Ermənistanın Baş naziri Nikoil Paşinyanın kommunikasiyaların açılmasına razı olduğunu bildirməsi Zəngəzur dəhlizinin perspektivdə açıla biləcəyinə dair nikbinlik yaradır. Ancaq Nikol Paşinyanın həm Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin yaradılması ilə bağlı təklifinə cavab olaraq mübahisə yaratması və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşündə də kommunikasiyaların açılması ilə bağlı söylədiyi fikirlər Ermənistanın bu məsələdə səmimi olmadığını deməyə əsas verir.

Yəni Ermənistan Zəngəzur dəhlizinin, hətta Paşinyanın təbirincə, yol adlandırılsa belə, açılmasında maraqlı görünmür. Ermənistanın Baş nazirinin hay-küy salması bu öhdəliyin icrasından növbəti dəfə yayınmasını arqumentləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Nikol Paşinyanın öz mövqeyini əsaslandırmaq üçün Zəngəzur dəhlizi termininin 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinin pozmasını tez-tez dilə gətirməsi onun bu bənd üzərindən manipulyasiya etdiyini göstərir.

Belə ki, Paşinyanın gündəlikdənkənar tez-tez ortaya atdığı fikirlərə, həmçinin ikitərəfli görüşdəki çıxışının məzmununu təhlil etsək, orada 9-cu bəndə aid sətirüstü və sətiraltı mesajların yer aldığını görmək olar. Sətirüstü dedikdə, Paşinyanın istinad etdiyi 9-cu bəndin mətnindən söhbət gedir. Ermənistan hökumətinin başçısı 10 noyabr Bəyanatının 9-cu bəndində “dəhliz” deyil, “Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yol” ifadəsinin işləndiyini deyir. Paşinyan Ermənistanın bu yolu açmağa hazır olduğunu bildirir.

Lakin onun bu məsələ ilə bağlı Laçın dəhlizi arasında paralellər aparması və Rusiya sülhməramlı qüvvələrinin bölgəyə nəzarətlə bağlı Prezident Putinə sual ünvanlaması Paşinyanın ittihamlarının ünvanının əslində, Azərbaycandan daha çox Kreml olduğundan xəbər verir. Paşinyan sərt ritorikasını bununla yekunlaşdırmayaraq, Putinlə ikitərəfli görüşdə verdiyi mesajlar onun əsas hədəfinin Rusiya olduğunu bir daha təsdiq edir.

Təbii ki, Paşinyanın Zəngəzur dəhlizi mövzusuna əks-reaksiyası, yəni məsələnin sətürsütü məqamları daha çox son vaxtlar Baş nazirin Azərbaycana güzəştlər danışmasından narahatlıq keçirən Ermənistan cəmiyyətinin etirazlarının üzərinə “su səpmək” məqsədi daşıyır. Azərbaycana yönəlik ittihamlar da daha çox bununla bağlıdır. Ancaq məsələnin sətiraltı hissəsi demək olar ki, birbaşa Rusiyanın bölgədəki fəaliyyətinin Ermənistanın maraqlarına cavab vermədiyinə dair mesajlardan ibarətdir.

Paşinyan həm kommunikasiyaların açılması üçün 10 noyabr Bəyantının 9-cu bəndinə istinad edir, eyni zamanda dəhliz ifadəsinin həmin razılaşmanı pozduğunu bildirir. üstəlik, Paşinyan həmin sənəddə yalnız “Laçın dəhlizi” ifadəsinin yer aldığını və ikinci bir “dəhliz” sözünün işlədilmədiyini deyir. Yəni üçtərəfli Bəyanatda yolun açılmasından söhbət getsə də, həmin marşrutun təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunacağı qeyd edilir. Bu isə o deməkdir ki, yol Rusiya hərbçilərinin nəzarətinə keçdikdən sonra eksterritoriallıq qazanır.

Bu isə yol deyil, dəhliz deməkdir. Paşinyan bunu bildiyi üçün üzünü Putin tutub “üçtərəfli razılaşma üzrə Laçın dəhlizindən kənarda dəhliz ola bilməz” mesajını verir. Yəni Paşinyan yolu Rusiya qoşunlarının iştirakı olmadan açmağa hazır olduğuna işarə edir. Əslində, bu, Ermənistanın Azərbaycanla deyil, Rusiya ilə arasında olan problemdir.

Ermənistanın Baş nazirinin son açıqlamaları 9-cu bəndin icrasının başlıca səbəblərindən birinin Rusiya ilə fikir ayrılığının olduğunu üzə çıxarır. Paşinyan Rusiya sərhəd qoşunlarının yola nəzarət etməsini, yəni eksterritorial dəhlizin yaranmasını Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması hesab edir. Ona görə də Paşinyan Putinlə görüşündə yolun açılması üçün daha açıq şərt qoyub.

“Biz gözləyirik ki, Azərbaycan dəmir yolu da yüklərin daşınması, Ermənistan Respublikasının qatarlarının Naxçıvandan keçməklə, Azərbaycan Respublikası vasitəsilə, məsələn, Rusiya Federasiyasına, İran İslam Respublikasına daşınması üçün açıq olacaq. Biz bu məsələnin paritet əsasda, dediyim kimi, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həllini gözləyirik”-Paşinyan belə deyib.

Ermənistan Baş nazirinin bununla Putinə “Mən Rusiya üçün həyati əhəmiyyət kəsb edən Şimal-Cənub dəhlizini açmağa hazıram. Amma siz Zəngəzurdan keçən yolun təhlükəsizliyini Ermənistana təhfil verməlisiz” mesajını verir. Əks halda, bu, Ermənistanın suverenliyinin və yurisdiksiyasının pozulması kimi qiymətləndiriləcək. Ona görə də kommunikasiyaların açılması Rusiyanın tutacağı mövqedən asılıdır.

Paşinyan Laçın dəhlizindən söz açmaqla və Azərbaycanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasını “bağlamaq”da ittiham etməklə Putinin Ermənistana münasibətdə ayrıseçkiliyə yol verdiyinə eyham vurur. Yəni Laçın dəhlizindən Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasına mane olmayan Rusiya Zəngəzur dəhlizində də Ermənistana güzəştə getməlidir. Paşinyan “paritet əsasda” deyərkən həm də bunu nəzərdə tutur. Görünür, Ukraynadakı müharibədən sonra Rusiyanın Cənubi Qafqazda geosiyasi təsir dairəsinin zəifləməsindən istifadə edən Ermənistan rəhbərliyi 10 noyabr Bəyanatının şərtlərinə yenidən baxmağa çalışır.

Qeyd edək ki, Azərbaycanı 9-cu bəndə əksini tapmayan “dəhliz” terminini işlətməkdə ittiham edən Paşinyan özü elə həmin bəndə mövcud olmayan “Ermənistan qovşağı” terminini dilə gətirir. Bu isə 9-cu bəndin ilk növbədə, həm sətirüstü, həm də sətiraltı mənalarda Ermənistanın özü tərəfindən pozulduğunu göstərir.

Müşfiq Abdulla
Cebhe.info