Zəngəzurda toqquşan maraqlar: Ermənistanın məhvinə səbəb olar
“Əgər Ermənistan 9 noyabr sənədindən öz imzasını geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək və o, bunu edəcək”.
“Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Hovannisyan Ermənistan mediasına müsahibəsində belə deyib.
“Əgər Ermənistan öz imzasını saxlayıb, bu istiqamətdə heç bir iş görmürsə, heç bir addım atmırsa, o halda bu, yenə də Azərbaycanın ruslara və regional oyunçulara “mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var, bu adam öz imzasına hörmət etmir”-deməsi üçün legitim hüquq verir”,-deyə hüquqşünas bildirib.
Vahe Hovannisyanın bu açıqlaması Ermənistanın 10 (9) noyabr 2020-ci il üçtərəfli Bəyanatının icrasından yayınmaqla həm siyasi, həm də hüquqi səhvə yol verdiyini təsdiq edir. Çünki 10 noyabr sənədində Azərbaycan və Rusiya ilə yanaşı, Ermənistan konkret öhdəliklər götürüb. Digər iki dövlət Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirsə də, Ermənistan son dörd ildə bu razılaşmaya tamamilə əməl etməyib.
Rəsmi İrəvan yalnız işğalçı ordunun Ağdam, Laçın və Kəlbəcər rayonların çıxarılmasına dair öhdəliyi təmin edib. Lakin Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını tamamilə çıxartmaq tələbini yerinə yetirməyib. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından sonra qanunsuz erməni silahlı birləşmələrinin qalıqları Qarabağdan çıxarılıb. Yəni, Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanın öz öhdəliyindən yayınması hərbi əməliyyatlara səbəb oldu.
10 noyabr sənədinin imzalanmasından 4 ilə yaxın vaxt ötsə də, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərdə tutan 9-cu bəndi yerinə yetirmir.
Hətta Baş nazir Nikol Paşinyan bir neçə dəfə “Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindən çıxıb”, “10 noyabr Bəyanatı hüquqi qüvvəsini itirib” kimi açıqlamalar verməklə rəhbərlik etdiyi hökumətin kommunikasiyaların açılmasında maraqlı olmadığına işarə edib.
Paşinyan MDB dövlət başçıları Şurasının oktyabrın 8-də Moskvada keçirilən toplantısında Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətini təmin etməyə hazır olduğunu bəyan etsə də, Baş nazirin bu çıxışı onun 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmaya əməl etmək niyyətindən xəbər vermir. Çünki Paşinyan kommunikasiyaların açılmasını 10 noyabr Bəyanatı çərçivəsində deyil, “Sülh kəsişməsi” layihəsi daxilində həyata keçirməyi təklif edir.
Bununla da Ermənistan hakimiyyəti növbəti dəfə öhdəliyindən imtina edir.
İkincisi, Paşinyan iddia edir ki, Ermənistanın hər hansı formada guya üçüncü dövlətlərin öz suveren ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar sadəcə olaraq, həqiqətə uyğun deyil.
Yəni Paşinyan ad çəkməsə də, Zəngəzur dəhlizində nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsizliyinin Rusiya FTX-nin sərhəd qoşunları tərəfindən təmini ilə bağlı 9-cu bəndi təkzib etməyə çalışır. Halbuki, Nikol Paşinyanın həmin sənəddə imzası var. İndi belə bir sənədin olmadığına dair açıqlaması öz imzasından imtina etməsi anlamına gəlir. Bu isə vəziyyəti daha da gərginləşdirə bilər.
Çünki nəqliyyat-kommunikasiya əlaqələrinin açılması həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsas prinsiplərindən birini təşkil edir. Paşinyanın bu prinsipi pozması sülhün əldə olunmasına və potensial münaqişənin davam etməsinə şərait yaradır. Əlbəttə, Azərbaycan Zəngəzur dəhlizinin güc tətbiqi ilə açılmasının əleyhinə oduğunu bildirib.
Münaqişəli vəziyyətin qalması da öz növbəsində müharibənin bərpasına yol açır. Bu, ya Paşinyan hakimiyyətinin Vahe Hovannesyanın dediyi kimi, öz imzasından imtina etməsi, öhdəliyi yerinə yetirməməsi, yaxud Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, ölkə rəhbərliyinə gələn digər siyasi qüvvənin 10 noyabr Bəyanatından çıxması nəticəsində baş verə bilər.
Ona görə də Zəngəzur dəhlizini açılması Ermənistanın özünün təhlükəsizliyinin təminatı deməkdir. Zəngəzur üzərində Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa, Türkiyə, İran kimi güclərin geosiyasi maraqlarının toqquşduğunu nəzərə alsaq, bu bölgədə başlayacaq istənilən müharibə Ermənistanı Ukrayna və Yaxın Şərqdən sonra üçüncü böyük müharibə meydanına çevirə bilər. Bu isə Ermənistanın dövlət kimi məhvinə səbəb olar.
Müşfiq Abdulla
"Cebheinfo.az"