Fikir və söz azadlığı: Etibarlı informasiyaya çıxış

Fikir və söz azadlığı: Etibarlı informasiyaya çıxış

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi bir cəmiyyətin demokratik şəkildə inkişaf etməsi üçün əsas dəyərlərdən biri hesab olunur. Bu, həm də alternativ fikrin qəbul edilməsi anlamına gəlir ki, demokratik mühitin əsas göstəricilərindən biridir. Bu gün söz və məlumat azadlığının təmini istiqamətində ardıcıl iş görülür. Bu istiqamətdə müsbət nəticələr hələ ötən illərdən əldə olunub.

Ümumiyyətlə, texnologiyaların inkişaf etdiyi bir məqamda məlumat azadlığını məhdudlaşdırmaq demək olar ki, mümkün deyil. Günümüzün reallığı ondan ibarətdir ki, istənilən informasiyaya çox qısa zamanda çıxış imkanı əldə etmək olur. Bu məsələnin mənfi tərəfi isə ondan ibarətdir ki, belə bir mühitin olması dezinformasiyaların da rahat şəkildə ictimaiyyətə sızdırılması üçün zəmin yaradır. Bu isə cəmiyyətdə informasiya çirkliliyinin yaranması deməkdir ki, bunun qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülür. Təkliflərdən əsas dəstəklənənlərdən biri isə etibarlı informasiya mənbələrinin daha geniş təbliğ olunması, eyni zamanda, rəsmi qurumlara istinad edilməsidir. Bu, dezinformasiyanın qarşısını almaq üçün ən effektiv üsul sayılır. Fikir, söz və məlumat azadlığının təmin olunması ən vacib şərtlərdən biridir.

Bu təminatın olmadığı cəmiyyətlərdə inkişafdan danışmaq mümkünsüzdür. Eyni zamanda, fikir plüralizminin olması da cəmiyyətin inkişafında önəmli rola malikdir.

Prezident İlham Əliyev "Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdəndir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur”,-deyə milli mətbuatın 135 illiyinin qeyd edildiyi gün - iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılış mərasimində çıxışı zamanı vurğulayıb.

Göründüyü kimi, bu, daim dövlətin diqqətində olub. Bu gün də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ilə bağlı dövlət üzərinə düşən bütün işləri görür, lazımı addımlar atır. Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov “Cebhe.info”-ya açıqlamasında deyib ki, plüralizm demokratik cəmiyyətin ən vacib dəyərlərindən biridir:

“Qədim yunan fəlsəfəsindən günümüzə qədər inkişaf edən bir anlayışdır. Plüralizm olduğu cəmiyyətlərdə hər zaman fərqliliklərə, eyni zamanda alternativ fikrə dəyər verilir. Harada dəyər plüralizmi varsa, orada əlbəttə ki, tənqidçilik ruhu, müzakirə mədəniyyəti yüksək səviyyədə olur. Fikir plüralizminin, müzakirə mədəniyyətinin yüksək səviyyədə olduğu cəmiyyətlərdə eyni zamanda münasibətlər sistemi maksimum səviyyəyə çatır.

Bu baxımdan, fikir plüralizmi üçün ona uyğun olan toplumlar yetişdirməkdir. Fikir plüralizminin inkişafı üçün həm də medianın dəstəklənməsi lazımdır. Çünki fikir dartışmaları, alternativ müzakirələrin mənbəyi adətən media mühiti olur. Bu baxımdan da bu tip müzakirələrin daim ən yüksək səviyyədə aparılması və bu məsələdə alternativsiz şəkildə ortaya mövqe qoymaq lazımdır.

Fikir plüralizminin inkişaf etməsi üçün alternativ müzakirə platformaları yaratmağı bacarmalıyıq. Açıq etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda medianin dəstəklənməsi fikir plüralizminə verilən dəyərin bariz göstəricisidir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebhe.info”