Ailə münaqişələri: Uşaqlar valideynlərini niyə öldürür?

Ailə münaqişələri: Uşaqlar valideynlərini niyə öldürür?

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfər öldürülüb.

Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Maraqlıdır, son zamanlar valideynlər və övladları arasında yaranan fikir ayrılıqları sonda ölüm halları ilə nəticələnir. Bu gün övladları tərəfində valideynlərin qətlə yetirilməsi ilə bağlı cinayət işlərinin sayı artıb. Hazırda bunun səbəbi nədir?

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, günümüzdə bu tip hadisələr münaqişəli ailələrdə baş verir:

"Bəzi hallarda valideyn ilə övlad arasında anlaşılmazlıq olur, ailədə valideyn-övlad münasibəti düzgün qurulmur. Buna görə də münaqişəli ailələr müvafiq qurumlar tərəfindən qeydiyyata alınmalıdır, daha sonra həmin ailələrlə sosial və psixoloji iş aparılmalıdır. Yaxşı olar ki, Azərbaycanda psixoloqların və sosial işçilərin fəaliyyətini lisenziyalaşdıran, tənzimləyən qurum olsun.

Düzdür, Azərbaycanda "Sosial xidmət haqqında", "Psixoloji yardım haqqında" qanunlar var, lakin bunlar kifayət deyil. Elə bir qurum yaradılmalıdır ki, psixoloqlara və sosial işçilərə lisenziya versin, onlar da münaqişəli ailələrlə işləyə bilsinlər. Yerli icra qurumlarında, müvafiq strukturlarda psixoloq və sosial işçi ştatlarının, eyni zamanda ailə psixoloqu institunun yaradılmasına ehtiyac var".

Sosioloqun sözlərinə görə, belə hadisələr kütləvi informasiya vasitələrində tirajlanmamalıdır:

"Belə hadisələr hər zaman olub, bu, cəmiyyətin sosial anemiyası deyil. Sadəcə, günümüzdə sosial şəbəkə reallığında yaşadığımıza görə belə xəbərlər kütləvi informasiya vasitələrinə tez yol tapır. Nəticədə KİV-lərdə tirajlanan qətl hadisəsi digərinin yaranmasına şərait yaradır.

Çünki bu hadisələrin psixoloji təsir, sirayət, təqlid gücü var. Məsələn, Əhməd Əhmədov hadisəsinə baxan psixologiyası formalaşmamış, dəliqanlı gənc eynilə Əhməd Əhmədovu imitasiya etməyə çalışacaq. Belə hadisələri verərkən jurnalistlər diqqətli olmalı, məsələyə həssas yanaşmalıdır. Bəzən belə hadisələr manşetləri bəzəyir, bu, düzgün deyil.

Hadisələr belə çılpaq şəkildə, detallı verilməməlidir. Bir sıra Avropa ölkələrində belə informasiyaların verilməsi qadağandır. Bir hadisə başqa bir hadisəni tətikləyir. Fikir verin, Sumqayıtda baş verən hadisə Əhməd Əhmədovun törətdiyi qətl hadisəsinə bənzəyir.

Sanki hər iki cinayət eyni taktika ilə törədilib. Bu baxımdan, kütləvi informasiya vasitələri bu hadisələri tirajlamaqda maraqlı olmamalıdırlar. 

Təəssüflə olsun ki, bəzi mətbuat orqanları bu informasiyalar üzərindən gündəm təşkil edirlər, reytinqlərini yüksəltməyə çalışırlar. Bu, yolverilməzdir. Jurnalistlər peşə etikasına daha çox diqqət yetirməlidir. Bu, həm də ailə üzvlərinin fuksionallıq böhranıdır, valideynlərin vəzifələrini, öhdəliklərini yerinə yetirməsində yaranan boşluqlardan xəbər verir.

Ailələrlə sosial və psixoloji söhbət aparılarsa, boşanmaların da sayı azalar, bununla da, münaqişəli ailələrdə prosesi tənzimləmək olar. Bununla yanaşı Mediasiya Şurasının funksionallığını artırmaq olar. Hesab edirəm ki, belə qurumların ailələrlə iş aparmasına ehtiyac var".

Məsələnin psixoloji tərəflərindən "Cebhe.info"-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, insanlar əvvəllər ölüm hadisəsi olanda təəccüblənirdilər ki, bir insan necə başqa birini öldürməyə cəhd edə bilər:

"Günümüzdü isə insanlar ölüm hadisəsinə adi hal kimi baxırlar. Bunun başlıca səbəbi bu hadisələrin sosial şəbəkədə paylaşılaraq adiləşdirilməsidir. Bu səbəbdən də insanlar bədbəxt hadisələrə sanki olmalıymış kimi yanaşırlar.

Bir övladın valideynə qarşı çıxmağa, valideyndə səhv axtarmağa, onları günahkar kimi görməyə haqqı yoxdur. Hətta valideynimizin günahı olsa belə, onları ittiham etmək haqqımız yoxdur. Dinimiz deyir ki, öz valideynlərinə ehtiramla yanaş, onların qəlbini qırma. Amma hazırda valideynin nəinki qəlbi qırılır, hətta onlara qarşı qətl hadisəsi törədilir.

Bunun da səbəbi insanların bu qədər aqressiv olmasındadır. İnsanların öz düşdükləri vəziyyətdə ata-ananı günahkar görmələri bu vəziyyətə gətirib çıxarır. Övlad valideyni ilə razılaşmaya bilər, etiraz da edə bilər, əslində buna da haqqımız çatmır, amma öldürməyə gələndə isə bu, qətiyyən yalnışdır. Nəinki valideyni, heç kimi öldürməyə haqqımız yoxdur. Bir insanın günahı varsa, cəzasını da aidiyyəti qurumlar verə bilər".

Psixoloq vurğulayıb ki, bəzən çata bilmədiyimiz arzular neqativ arzular doğurur, bu zaman günahkarlar axtarırıq:

"Bunun səbəbi də məhz özümüz oluruq ki, başqalarında günah axtararaq özümüzü çıxılmaz vəziyyətə salırıq. Medianın da rolu burada böyükdür. Çünki media davamlı olaraq bu tip hadisələri paylaşır, bu hadisələr paylaşıldıqca başqa bir hadisənin yaranma ehtimalı çoxalır. Eyni zamanda da insanlara cinayət törətmək adi hal kimi gəlir". 

Ləman İsmayıl 
"Cebhe.info"