"TikTok"u digər sosial şəbəkələrdən fərqləndirən nədir? - RƏYLƏR

"TikTok"u digər sosial şəbəkələrdən fərqləndirən nədir? - RƏYLƏR

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda “TikTok” media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənib.

Bu barədə STM məlumat yayıb.

Bildirilib ki, sorğunun nəticələrinə əsasən, 74,9 % “TikTok” sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2 % məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9 % fikir bildirməkdə çətinlik çəkib.

Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5 % təşkil edir.

Maraqlıdır, “TikTok” media platforması sosial şəbəkə istifadəçilərinə “Facebook” və “Instagram”dan daha çox mənfi təsir göstərir?

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev “Cebhe.info”-ya bildirib ki, məhz sosial şəbəkələrin ən böyük zərərlərindən biri onların aludəçilik yaratmasıdır:

““TikTok” barədə edilən şikayətlər əsasən bu yöndə olur ki, “TikTok” alqoritmləri istifadəçilərin daha çox baxdıqları, bəyəndikləri videoları, eləcə də paylaşımları onların önünə çıxardığı üçün bu daha çox izlənmə saatına səbəb olur. Nəticədə paylaşımları izləyirsən, bəyənirsən, ona oxşar videolar önünə daha çox çıxır və sən də daha çox baxırsan”.

Sosioloq vurğulayıb ki, hazırda bütün sosial şəbəkələrdə mövcud durum, yeni inkişaf strategiyası, işləmə mexanizmi eynidir:

“İstifadəçini maksimum uzun müddət ekran qarşısında tutmaqla pul qazanırlar. “Facebook” və “Instagram”da olmayan, amma “TikTok”a xas olan zərəri isə burada jeton göndərmək funksiyasının olmasıdır. Bu sıravi insanların pullarının mütəmadi olaraq ölkədən çıxmasına səbəb olur.

Bir çox insan “TikTok”un canlı yayımlarından "sandıq" qazanmaq üçün saatlarla canlı yayımda oturub ekranı klikləyirlər. Bir neçə saat ərzində sadəcə 10-15 qəpik "qazanc" əldə edirlər. Yəni burada real qazancdan söhbət getmir, bu sadəcə vaxt itkisidir. Bəzi ehtimallara görə bu jetonlarla “çirkli” pulların yuyulmasını həyata keçirənlər var. Təbii ki, bu barədə dəqiq məlumatımız yoxdur. 

Düşünmürəm ki, buna görə ölkəmizdə bu platformanı bağlamaq lazımdır. “TikTok”dan müsbət fəaliyyətlər üçün də istifadə etmək mümkündür və edən kifayət qədər çox insanımız var. Əgər məsələ sırf jeton məsələsidirsə, bizim bank kartları ilə “TikTok”dan jeton almağı məhdudlaşdırmaq mümkündür. Bunun üçün bütün platformaya çıxışı bağlamağa ehtiyac yoxdur”.

Sosioloq Roza Əliyeva isə bildirib ki, hazırda “TikTok” ən çox populyar olan sosial platformadır:

“Yəni, “Facebook” və “Instagram” hər zaman aktuallığını qoruyub. İndi isə ən aktual olanı “TikTok”dur. Yəni ən aktiv istifadəçı sayı ondadır. Cəmiyyətimiz tərəfdən “TikTok”dan təəssüf ki, uyğun ədəbsiz paylaşımlar, əxlaqsız hərəkətlər, düzgün olmayan davranışlar, sözlər və digər neqativlər nümaiş olunur.

Yəni cəmiyyətə sosial platformaya uyğun olmayan sözləri işlədilir. Buların heç biri doğru deyil. Çünki “TikTok”a nəinki böyüklər, həm də istənilən yaş qrupuna daxil insanlar baxır”. 

Sosioloq qeyd edib ki, böyüklər “TikTok”un bağlanmasını daha çox istəyirlər:

“Hazırda “TikTok”u bağlansın deyənlər əslində, elə “TikTok”da ən çox vaxt keçirən insanlardır. Bəzi insanlar var ki, sosial şəbəkələrdə, yəni “TikTok”da “kəşvet"ə düşməkdə maraqlı olurlar.

Məhz ən çox nəyə maraq duyursansa, oda adamın gəlir çıxır qarşısına ona da “kəşvet” deyilir. “TikTok”da ən çox nələr təklif eləyirlərsə, nələrə daha çox maraq varsa, o videolarda o insanların gəlib qarşısına çıxır və “kəşvet”ə düşür”. 

Həsən Məmmədov
“Cebhe.info”