Vətəndaş “Music Gallery”dən şikayət etdi: Qarşı tərəf...

Vətəndaş “Music Gallery”dən şikayət etdi: Qarşı tərəf...

Redaksiyamıza “Music Gallery” mağazalar şəbəkəsi ilə bağlı şikayət daxil olub.

Şikayətçi Vaqif Qulusoylu "Cebhe.info"-ya bildirir ki, “Music Gallery” mağazalar şəbəkəsi alıcıları aldadır: 

"Belə ki, martın 17-də “Music Gallery Baku” mağazasından elektrikli skuter aldım. Bildirim ki, işimlə bağlı 15 gün evdə oluram. Günümün qalan hissəsini xaricdə təhsil alan oğluma maddi dəstək məqsədilə kuryer kimi işləməyə qərar verdim. Elektrikli skuter almağa yaxınlaşanda “Music Gallery Baku” mağazasının satıcıları mənə ən məsləhətlisini tövsiyə etdiklərini bildirdilər. Mən elektrikli skuteri kreditlə 1000 manata aldım. Skuteri bir neçə gün işlətdikdən sonra onun gücünün az olduğunun, kuryer fəaliyyəti üçün yararsız olduğu müəyyən etdim”.

Vaqif Qulusoylu qeyd edib ki, bununla bağlı iradını “Music Gallery Baku” mağazasına bildirib və martın 22-də skuteri Xətaidə yerləşən servis xidmətinə təhvil verib.

Qeyd edək ki, servis xidmətindən ona bildiriblər ki, 14 iş günü ərzində komissiya rəyi olacaq:

“Daha sonra deyiblər ki, bu skuteri istifadə etmisiniz. O, da bildirib ki, istifadə etdiyim günlərin müqabilində maddi təzminat ödəyə bilər, sonda razılaşıblar”.

“Aprelin 17-də kredit ödənişimin vaxtı idi, Ferrum Capitalla müqavilə bağlamışdım. Aprelin 16-sı mənə komissiyanın rəyin göstərdilər ki, 100 manat təzminat ödəməliyəm. Lakin komissiya rəyinin nə şəklini çəkməyə icazə verdilər, nə də nüsxəsini mənə təqdim etdilər. Mənə dedilər ki, məsələ həll olub, kredit müqaviləsi ləğv edilib. 100 manat ödənişi isə məndən sənədsiz aldılar, heç bir çek verilmədi.

Mağazanın müdirləri ilə danışdım, dedilər ki, narahat olma, məsələ həll olunub. Lakin bir müddət keçdi, mənə bankdan zəng gəldi ki, sizin ödəniş gecikməniz var. Yenidən “Music Gallery Baku” mağazasına yaxınlaşdım. Mağazanın müdir ilə danışdım ki, axı məsələ həll olunmuşdu, mənə niyə zəng gəlib? Mənə heç nə demədi.

Faktiki olaraq, “Music Gallery” mağazalar şəbəkəsi alıcıları incidir. Mən dünən yenidən yaxınlaşdım, deyirlər ki, siz skuterə əlavə akumulyator almalı idiniz. Bu nə deməkdir? Skuter üçün əlavə akumulyator çox bahadır. Əgər elektrikli skuterin akumulyatoru zəif idisə, onda bunu mənə niyə məsləhət bilirdilər?", - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı "Cebhe.info"-nun əməkdaşı "Music Gallery" mağazalar şəbəkəsi ilə əlaqə saxlayıb.

“Music Gallery” mağazalar şəbəkəsi isə Vaqif Qulusoylunun şikayəti ilə bağlı heç bir açıqlama verməyib. 

Mövzunu diqqətdə saxlayacayıq.

Ləman İsmayıl
"Cebhe.info"