Azərbaycanda qızların problemləri: Təhsildən erkən nikaha qədər...
11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.
Bu günün qeyd edilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkəmələrinə yönəltməkdir.
Beynəlxalq Qızlar Günü ilə bağlı qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub.
Beynəlxalq statistikaya görə, dünyada orta hesabla hər üç qızdan biri 18 yaşına çatmamış ərə gedib. 18 yaşına çatmamış qızların nikahı əsas insan haqlarının pozulması hesab olunurr və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir, onları zorla təhsildən əl çəkməyə məcbur qoyur.
Ölkəmizdə qızların üzləşdiyi problemlər haqqında "Cebbeinfo.az"-a danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ən böyük məsələ qızların möcvud olan stereotiplərə qurban verilmələridir:
"O cümlədən, qızların hamısı üçün bərabər imkanların əlçatan olmamasıdır. Daha çox şəhərlərdə qızların təhsili və inkişafına imkan olsa da, regionalarda qızlar üçün bu imkanlar əlçatan deyil. Bəzi hallarda imkansızlıq qızlar üçün qeyri-bərabərliyə şərait yaradır. Qızların təhsildən yararlana bilməməsi, erkən nikah, təhlükəsizlik və karyera problemi, selektiv abort və s. bu kimi problemlər hələ də tam həllini tapmayıb".
Mehriban Zeynalova qeyd edib ki, uzun müddətdir qadın və qızlarla bağlı sosial media, KİV və digər təbliğat vasitələrində xoşagəlməz fikirlərin yer alması xoş olmayan mənzərə yaradır:
"Problem mühitin, yaşanmış xoşagəlməz hadisələrin təsirindəndir.
Əksəriyyət qızlarını qorumaq üçün ya selektiv aborta əl atır, ya da qızlarını erkən ərə verir. Əslində, Azərbaycanda əsrlərlə qızlarla bağlı hər hansı mənfi tendensiya, yaxud qız uşağını sevməmək kimi problem olmayıb.
Əksinə, qızların təhsili, onların irəli getməsi üçün ailə həmişə dəstək olub. Son 10 ildə müəyyən təsirlər var ki, məhz qız və qadınların irəli getməsində maneələr yaradır. Buraya din donu altında yanlış təbliğat, yaxud müxtəlif xoşagəlməyən hadisələrin şişirdilməsi aiddir.
Ümumiyyətlə, hesab edirəm ki, steretiplərin qanunlardan yuxarı olmasına imkan verilməməlidir. Qanun və ya strategiyalar elə qurulmalıdır ki, belə mənfi tendensiyalar qanundan yuxarı qalxa bilməsin.
Doğurdur, kifayət qədər təbliğat aparılır, amma imkanlara bərabər əlçatanlıq olması üçün regionalarda pulsuz mərkəzlər fəaliyyət göstərməlidir. Müşahidələr göstərir ki, belə mərkəzlər olan rayonlarda qızların təhsili üçün bərabər imkanlar var. Təhsil mərkəzləri olmayan regionlarda isə stereotiplər daha güclü olur.
Valideynlər də qızlarını uzaq şəhərlərə müxtəlif təhlükə və iqtisadi imkanlara görə göndərmək istəmirlər".
M.Zeynalova qızları təhsil almağa, hüquqlarını bilməyə çağırıb:
"Bir də çalışmaq lazımdır ki ailə ilə bağlar qırılmasın. Ailə dəstəyi istənilən halda sizi daha güclü və əyilməz edir. Ailədən qaçmaq yox, ailəni öz tərəfdaşına çevirmək bacarıqlarını mənimsəmək sizi daha güclü edə bilər".
Ləman İsmayıl
"Cebheinfo.az"