Evliliyin azalmasında din faktoru: Sosioloqdan ilginc açıqlama
Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.
Maraqlıdır, evliliklərin sayının azalmasına səbəb nədir?
Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, evlilik əvvəlcə dini, daha sonra isə hüquqi institutdur. Buna görə də evlilik özü ilə bərabər bəzi dini və leqal məsuliyyətlər gətirir:
“Nəzərə alsaq ki, hazırda qlobal səviyyədə bir sekulyarlaşma və dindən uzaqlaşma tendensiyası hökm sürməkdədir, bu, artıq evliliyin iki təməl sütunundan birini laxlatmış olur. Birgəyaşayış, sivil partnyorluq kimi anlayışlar get-gedə populyarlıq qazanmağa, ictimaiyyət tərəfindən qəbul görməyə başlayır.
Get-gedə daha çox insan evlilik olmadan da birgə yaşamağın mümkünlüyünü düşünür və qəbul edir. Zatən bu mümkünü namümkün edən din deyildimi?
Dinin öz aktuallığını itirməsi ilə də təbii olaraq din tərəfindən qoyulan qadağalar yenidən sorğulanmağa başlanılır. Din faktorunun gücü azaldıqca, evlilik institutu fəlsəfi, mədəni-sosial səviyyədə sorğulanmağa başlayır. İnsan “Evlilik mənə lazımdırmı?
Evlənməklə nə əldə edirəm? Hansı azadlıqlarım məhdudlaşır? Sevdiyim biri ilə romantik və cinsi yaxınlıq etmək üçün evliliyə məcburammı? Bir neçə aylıq həvəs və ehtirasa görə illərlə, bəlkə də bir ömür boyu davam edəcək bir "ortaqlığa" imza atmalıyammı? Övlad böyütmək həqiqətən lazımdırmı? Vacibdirmi?” kimi sualları düşünür.
O bildirib ki, bütün bu sosial normalar fəlsəfi səviyyədə sorğulanmağa başlanır: “Üstəlik, nəzərə almalıyıq ki, iqtisadi şərtlər evlənmək, ev sahibi olmaq, övlad böyütmək kimi fəaliyyətlərin xərclərinin qarşılanmasını get-gedə daha çətin, bəzi insanlar üçün isə hətta mümkünsüz edir.
Belə bir şəraitdə yuxarıda qeyd edilən suallar daha sərt şəkildə insanların önünə çıxır. Evliliyin fəlsəfi, dini, sosial yöndən sorğulanması daha intensiv hal almağa başlayır”.
Sosioloqun fikrincə, ölkəmizdə yeni tendensiyalar formalaşa bilər:
“Dini dəyərlərdən uzaqlaşma və iqtisadi vəziyyətin çətinliyi geridönüşü olan trendlərdir. Elə şərait formalaşa bilər ki, dünyada və ya ən azından ölkəmizdə yenidən dini dəyərlərə geri dönüş baş verə bilər.
Yaxud iqtisadi vəziyyət yaxşılaşa bilər. Misal üçün, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan xalqında toplu bir dini və milli ənənələrə geridönüş başlamışdı. Və ya sekulyar İranda anidən islam inqilabı baş vermiş və insanların bütün həyat tərzi fundamental olaraq dəyişmişdi.
Belə trendlər və əks-trendlər dünya tarixində çox müşahidə olunub. Lakin bir trend də var ki, bunun geridönüşü az qala mümkünsüzdür. Bu da inkişaf edən elm, texnologiya və artan insan sayı fonunda yaranmış əmək bölgüsü və spesifik işlərdə ixtisaslaşma trendidir”.
Y.Nəbiyev fikrincə, əmək bölgüsü və onun səbəbilə get-gedə dərinləşməkdə olan ixtisaslaşmanın evliliyə təsiri ola bilər:
“Dərin ixtisaslaşma olmadıqda insanların təhsil müddəti daha az və sadə idi. Hətta ali təhsil olmadan da insanlar kifayət qədər rahat şəkildə öz məşğuliyyətlərini təmin edə bilirdilər. Lakin dərin ixtisaslaşma fonunda artıq bir insanın əmək bazarına yararlı, tələb olunan bir kadra çevrilməsi daha uzun vaxt və daha dərin, kompleks bir təhsil tələb edir.
Nəinki orta təhsil, hətta ali təhsil belə artıq "məcburiyyət" halını alıb. Üstün kadr ola bilmək üçün magistr və daha yüksək təhsil pillələrinə ehtiyac var. Bundan əlavə, bir neçə il uyğun sferalarda iş təcrübəsi tələbi var. İnsanlar çox aşağı məvacib qarşılığında sırf təcrübə qazanmaq üçün bir neçə il işləməli olurlar.
Bütün bunlar səbəbilə bir insanın özünü maddi olaraq təmin edə biləcəyi səviyyəyə çatması artıq 35-40 ilə yaxın vaxt tələb edir. Nəticə olaraq evlilik yaşı ertələnir. İnsanlar daha gec evlənirlər. Nəzərə alsaq ki, yaş artıqca partnyor seçmək çətinləşir, insanlar subaylığa vərdiş edir, bu halda evlilik qərarı vermək daha da çətin olur”.
Həsən Məmmədov
“Cebheinfo.az”