Xaricdə oxuyanların Azərbaycanda imtahanı
Artıq xaricdə təhsil alıb ölkəmizə qayıdan tələbələr üçün peşə tanınması ilə bağlı imtahan təşkil edilir.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul edilib. Bu qaydalara əsasən müəllimlik, mühəndislik, hüquq və tibb ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu agentlik tərəfindən aparılır.
Bu il may ayında təşkil edilən imtahanda 466 nəfər qeydiyyatdan keçib. Onlardan 40 nəfər imtahana gəlməyib. İmtahanda 189 nəfər müvəffəqiyyət əldə edib. İştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.
Lakin peşə tanınması imtahanının təşkili və işə götürülən zaman tələb edilməsi xaricdə oxuyub gələn tələbələr tərəfindən birmənalı qarşılanmır. Səbəb isə budur ki, qoyulan suallar xaricdəki tədris səviyyəsi ilə eynilik təşkil etmir. Məsələn, Türkiyə universitetlərində tədris edilən tibb sahəsi üzrə biliklər dünya üzrə ilk yerlərdədir və ən yaxşılardan hesab olunur. Azərbaycanda tədris edilən tibb sahəsi üzrə biliklərlə bağlı isə təəssüf ki, eyni sözləri demək olmur. Çox zaman məhz elə həkimlərin özü ona müraciət edən xəstəni xaricə, xüsusilə Türkiyəyə yönləndirməyə çalışırlar.
Tibb sahəsindən əlavə, digər ixtisaslar üzrə imtahanın təşkili də uyğunsuz hesab olunur. Müəllimlik ixtisası üzrə xaricdə keçirilən tədris qaydaları ilə Azərbaycanın tədrisi eynidirmi? Yaxud bizdə hüquqla bağlı qanunvericilikdə çox sayda maddə var ki, Sovet dönəmindən bəri olduğu kimi saxlanılıb.
O zaman sual yaranır ki, suallar tərtib edilərkən hansı prinsiplər nəzərə alınır?
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov "Cümhuriyət" qəzetinə açıqlamasında bildirib ki, əslində peşə uyğunluğunu yoxlamaq vacibdir:
"Hazırda Azərbaycandan kənarda 42 mindən çox şəxs təhsil alır. Onların arasında 25 minə qədəri Türkiyədədir. Peşə uyğunluğunu yoxlamaq vacibdir. Birinci növbədə yoxlanılan məsələ budur ki, həqiqətən verilən diplom həmin ölkənin universiteti tərəfindən verilib, yoxsa saxtadır? Çünki çox zaman saxta diplomlar da təqdim edilir.
İkinci məsələ budur ki, həmin şəxsin oxuduğu sahə üzrə peşə bilikləri yoxlanılmalıdır. Yoxlamaq istəyirlər ki, həqiqətən də aldığı təhsillə bağlı heç olmasa minimum biliyə, informasiyaya malikdirmi? Burada əsas şərt o deyil ki, həmin tələbə tədris aldığı universiteti yüksək nəticə ilə bitirib və ya həmin universitet qabaqcıl universitetlərdən biridir".
Ekspert bildirib ki, imtahandakı suallar məzunun oxuduğu universitetin tədris proqramına uyğun qoyulur:
"Biz əgər xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda işləkliyinə icazə veririksə, onların peşə biliyi ilə bağlı narahat olmalıyıq. Öyrənmək istəyirik ki, şəxs təhsil aldığı sahə ilə bağlı heç olmasa minimum biliklərə sahibdirmi? Hesab edirəm ki, burada problem yoxdur. Bütün dünyada belədir. Xaricdə oxuyubsa, daha yaxşı. İmtahanda da onsuz beynəlxalq istiqamətdə suallar verilir. Yəni sırf bizim təhsil sistemimizə uyğun deyil, həm də şəxsin təhsil aldığı universitetin tədrisinə uyğun suallar qoyulur. Məsələn, tibblə bağlı bir mütəxəssisin bilməli olduğu hər şeyi o bilməlidir. İmtahanda düşən suallar da keçdiyi tədrisə uyğundur. Yəni, əlavə suallar, maksimum çətin suallar qoyulmur".
K. Əsədov diplomları tanınmayan şəxslərin məsələsinə də toxunub:
"Onlara icazə verilir ki, yenidən imtahan versinlər. Onlara bir neçə dəfə şans verilir. Burada kimsə keçə bilmirsə, bu imtahanla deyil, həmin şəxsin biliklərinin əmək bazarının tələblərinə uyğun olmaması ilə bağlıdır".
Naibə
"Cebheinfo.az"