Metro və avtobusda etiraz: Hamı dayanacaqda qaldı

Metro və avtobusda etiraz: Hamı dayanacaqda qaldı

İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə 24 saatlıq tətil elan ediblər.

"Cebhe.info" İtaliya mətbuatına əsasən xəbər verir ki, müxtəlif həmkarlar ittifaqının çağırışı ilə nəqliyyat sektorunda çalışan işçilər maaşların artırılması, iş vaxtının həftədə 39 saatdan 35 saata endirilməsi, iş yerində təhlükəsizlik şəraitinin yaxşılaşdırılması tələbləri ilə tətilə başlayıblar. 

24 saatlıq tətil qərarına uyğun olaraq Milan, Turin, Florensiya və Bolonya kimi şəhərlərlə yanaşı, paytaxt Romada da ictimai nəqliyyat sektorunda fasilələr yaranıb. 

Romada şəhər bələdiyyə avtobusları qismən fəaliyyət göstərdiyi halda, metroda "A" xətti tamamilə xidmətə bağlanıb. Tətil xüsusilə paytaxt Romada metro və avtobus xidmətləri kimi şəhər ictimai nəqliyyatına mənfi təsir göstərib. Avtobus və metroların hərəkəti dayandığından, xeyli insan çarəsiz vəziyyətdə dayanacaqlarda gözləyib.

Ləman İsmayıl
"Cebhe.info"