Bulvar rəhbəri İctimai Şuraya da imkan vermir: "Deyir ki, gedin çöldə işləyin..." - SƏDR 

Bulvar rəhbəri İctimai Şuraya da imkan vermir: "Deyir ki, gedin çöldə işləyin..." - SƏDR 

Bugünlərdə Ağ şəhər bulvarında millət vəkili Razi Nurullayev müsahibə verən zamanı qurumun işçiləri tərəfindən müdaxilə olunub.

İşçilər Bulvar İdarəsinin rəhbərliyinə zəng etdikdən sonra da yenə də müsahibənin həmin ərazidə aparılmasına icazə verilməyib. Baş verən proseslə bağlı millət vəkili öz “Facebook” səhifəsində etirazını bildirib:

“Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.

Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bulvarda müsahibə verə bilməz? Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Mili Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?”.

Qeyd edək ki, hadisə ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb.

Bulvar rəhbərliyinin millət vəkilinə münasibəti, ərazidə ilginc qadağalar qoyması ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şurasının rəhbərliyi hansı fikirdədir?

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şurasının rəhbəri Ramil Əliyev Cebhe.info-ya bildirdi ki, millət vəkilinin müsahibə verməsinə birmənalı şəkildə icazə verilməlidir:

“Bulvar İdarəsi onların şəxsi idarəsi deyil, dövlətin idarəsidir. İctimai Şura olaraq bizim fəaliyyətimizə də icazə vermirlər. Bizə orada heç bir şərait yaradılmadı. Sadəcə, simvolik olaraq seçki keçiridi. Ancaq rəhbərlik şəxsi imkanlarından, öz gücündən istifadə edərək bizim fəaliyyətimizə maneə yaratdı. Biz də orada fəaliyyət göstərə bilmədik. Hətta bizə bildirdi ki, bulvar açıq havadır, gedin orada xidmət göstərin. Ona görə biz fəaliyyətimizi dayandırmışıq. Birmənalı olaraq millət vəkilinin ərzidə müsahibəsinə maneə yaratmalarını qınayırıq”.

Həmsöhbətimiz bildirib ki, ümumiyyətlə, orada özbaşınalıq var:

“Oranı rəhbər özü istədiyi kimi idarə edir. Hətta bəzi işçilər də var ki, rəhbərliyin xidmətindən də narazıdırlar, maaşları kəsilir. Orada İctimai Şuranı belə görüntü üçün yaradıblar. Yəni şəffaflığın təmin olunması onların marağında deyil. Qardaş Türkiyədə sahilboyu istənilən yerdə müsahibə də ala, çəkiliş də apara bilərsən. Bir millət vəkilinin orada müsahibə verməsi nə kimi problem yarada bilər? Fakt odur ki, o şəxs millətin vəkilidir.

Onu xalq, millət seçib. Eyni zamanda, ölkə başçısının tapşırığı ilə Bulvarın yenidən qurulması insanların rahatlığı, dincəlməsi, idman etməsi, vaxtlarını səmərəli keçirilməsinə xidmət edir. Yəni ölkə başçısının təşəbbüsü ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına Bulvar ərazisi daha da genişləndirilib. Millət vəkili də tədbirdən çıxarkən təmiz havada müsahibə vermək istəyib. Digər tərəfdən gözəlliyi odur ki, Bulvarımız reklam olunur”.

İctimai Şura sədri deyib ki, Bulvar üçün o qədər vəsait ayrılmasına baxmayaq, bəzi ərazilərdə problem özünü göstərir:

“Yerə döşənmiş metlax örtüklər bərbad vəziyyətdədir. İstənilən zaman orada nəinki millət vəkili, vətəndaş olaraq da müsahibə verə bilərik. Həmin ərazi dövlətin strateji obyekti, yaxud qadağan olunmuş ərazi deyil. Bu davranış millət vəkilinə qarşı çox böyük hörmətsizlikdir. Həmin ərazidə müxtəlif televiziyaların müxbirlərinə də rast gəlirik. Yəqin ki, zaman-zaman onlara da həmin problemləri yaradırlar. Mühafizədə günah yoxdur, ona hansı göstəriş veriblərsə, o da icra edir, əmrə tabedir. İctimai Şura olaraq onlardan çox narazıyıq.

Bizim məqsədimiz də Bulvarda olan nöqsanları aradan qaldırmaqdır. Bizim fəaliyyətimiz könüllü xidmətdir, oradan maaş almırıq, bu, qanunla qadağandır. Bir otağımız olmalıdır ki, orada toplaşaq. Hər bir qurum İctimai Şurada üzvlərə şərait yaradır. Bulvar rəhbərliyi isə bizə deyir ki, gedin çöldə işləyin. Əgər belə bir fikri var idisə, niyə İctimai Şura seçkiləri keçirib, görüntü yaradırdı?”

Nigar Abdullayeva
Cebhe.info