Dünyada 820 milyondan çox insanın "şirin" xəstəliyi

Dünyada 820 milyondan çox insanın "şirin" xəstəliyi

Dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu ötərək, 820 milyona çatıb.

"Cebheinfo.az" xəbər verir ki, son 30 ildə dünyada şəkərli diabet xəstələrinin sayı iki dəfə artaraq 800 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatı və NCD-RisC tərəfindən aparılan araşdırmada xəstəliyin yayılmasında ən böyük faktorlar arasında piylənmə, qeyri-sağlam qida marketinqi və fiziki fəaliyyətin olmaması göstərilir. Bu problemin həlli üçün sağlam qidalanma və idmanı təşviq edən proqramın təcili olaraq həyata keçirilməsinin lazım olduğunu vurğulanıb.

Araşdırmaya görə, şəkərli diabet hallarının yarıdan çoxu Hindistan, Çin, ABŞ və Pakistanda müşahidə olunub. Tədqiqat zamanı regional və sosial-iqtisadi bərabərsizliklərə diqqət çəkilib. Sakit okean adaları, Karib dənizi, Yaxın Şərq və Şimali Afrika kimi bəzi bölgələrdə əhalinin 25%-dən çoxunun şəkərli diabet xəstəsi olduğu qeyd edilib.

Yüksək gəliro olan Qərb ölkələri arasında şəkərli diabetin səviyyəsi ABŞ-da 12,5%, Böyük Britaniyada isə 8,8% olaraq qeydə alınıb. Fransa, Danimarka, İspaniya, İsveçrə və İsveçdə qadınlarda şəkərli diabetin səviyyəsi 2-4 faiz, Danimarka, Fransa və bəzi Afrika ölkələrində isə kişilərdə 3-5 faiz təşkil edib.

Araşdırmanın aparıcı müəllifi professor Məcid Ezzati bildirib ki, bir çox aşağı və orta gəlirli ölkələrdə şəkərli diabetin müalicə dərəcələri durğunlaşıb:

"Bu, narahatedici mənzərə yaradır, çünki bu ölkələrdə diabetli yetkinlərin sayı sürətlə artmaqdadır".

ÜST-nın baş direktoru Tedros Adhanom qeyd edib ki, qlobal diabet epidemiyasına nəzarət etmək üçün ölkələr təcili olaraq sağlam qidalanma və fiziki fəaliyyəti dəstəkləyən siyasət həyata keçirməlidirlər. Avropa Diabet Tədqiqatları Assosiasiyasının prezidenti Çantal Mathieu də diabetin pandemiya həddinə çatdığını vurğulayıb:

"Bu vəziyyət xalqın sağlamlığı və iqtisadiyyat üçün ciddi təhlükə yaradır".

Ləman İsmayıl

"Cebheinfo.az"