İranda itkin düşən gəncin anası Bakıya qayıdıb: “Bütün həbsxanalarda…”

İranda itkin düşən gəncin anası Bakıya qayıdıb: “Bütün həbsxanalarda…”

Fevralın 20-si Almaniyadan İrana səfər edən və bundan sonra barəsində heç bir məlumat olmayan Fərid Səfərlinin axtarışlarını İranda davam etdirən anası Dilarə Əsgərova geri dönüb. 

Bu barədə Cebhe.info-ya açıqlamasında Dilarə Əsgərova deyib. 

O, oğlunun İrana görüş üçün getdiyi qız haqqında da heç bir məlumat əldə edə bilmədiyini bildirib:

“Mart ayının 21-də oğlumun Yena şəhərindəki mənzilinə getdim, əşyalarını götürdüm. Kompüterini həmin şəhərdəki kriminal polis şöbəsində Fəridin işini aparan müstəntiqə təqdim elədim və kompüterin parolunu açdırdı. Qız haqqında bir xeyli məlumatlar öyrənib Tehrana yola düşdüm. Tehranda qızın ünvanını nə qədər öyrənməyə çalışsam da, Qum şəhərində təxmin etdiyim iş yerlərinə getsəm də, qız haqqında heç bir məlumat ala bilmədim”. 

Dilarə Əsgərovanın sözlərinə görə, İranda oğlunun axtarışları daha çox vaxt aparacaq: 

“Məcbur olub Tehran şəhərində vəkil tutdum və hüquq mühafizə orqanlarına müraciət etdik. Fəridin yeri ilə bağlı heç bir məlumat tapa bilmədilər. Biz vəkillə məhkəməyə müraciət elədik. Məhkəmə Fəridin yerinin müəyyən olunması ilə bütün təcridxanalara sorğu göndərəcək. Bu vaxt alacaq deyə orada çox qala bilmədim, Tehrandan geri döndüm”. 

Günay Şahmar 
Cebhe.info