Nominal gəlir artıb, bəs qiymətlər?

Nominal gəlir artıb, bəs qiymətlər?

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 47 milyard 138,9 milyon manat təşkil edib. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,3 % artaraq 4 625 manata çatıb. Bu gün reallıq isə odur ki, eyni zamanda ölkədə bir çox sahələrdə bahalaşma özünü göstərir. 

Bəs əhalinin nominal gəlirləri artıbsa, bahalaşma nə qədər artıb və bahalaşma fonunda bu rəqəm nə dərəcədə uyğundur? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, nominal gəlir artımı ciddi bir iqtisadi göstərici deyil: 

“Bütün dünyada real gəlir artımı əsas götürülür. Real gəlir artımı isə inflyasiyanın, əsasən də ərzaq və kommunal xidmətlərindəki qiymət artımının təsirləri çıxdıqdan sonra vətəndaşın artdığı real gəlirlər hesablanır. 

Azərbaycanda çox təəssüf ki, əsasən nominal gəlir artımına üstünlük verirlər. Burada rəqəmlər daha yüksək olduğu üçün görüntü və mənzərə də daha pozitiv olur. Azərbaycanda bu ilin rəsmi inflyasiya rəqəmləri çox aşağıdır. Ancaq bu da anlaşılan deyil”. 

Ekspert deyir ki, bunun artması ehtimalı yüksəkdir: 

“Məsələn, bu yaxınlarda dizel yanacağının qiyməti 25 faiz artdı. Onun multiplikativ effekti, digər sahələrdə qiymət artımına təsirləri olacaq.

Ona görə də nominal gəlir artımından daha çox vətəndaşların real gəlir artımı hesablansa, hökumət ona fokuslansa, daha yaxşı olar və bu, daha əhəmiyyətli göstərici sayılır”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”