Yeni müharibələr başlayır? - “Biz nüvə savaşını…”

Yeni müharibələr başlayır? - “Biz nüvə savaşını…”

“Dünyada ölkələrin müharibələrə maraqları artır”.

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Üçüncü Dünya müharibəsinə hazırlaşırlar:

“Hazırda dünyada baş verən proseslər İkinci Dünya müharibəsindən öncə yaşananlara çox bənzəyir. Hətta ölkələr artıq ittifaqlar yaradırlar. Lakin Latın Amerikası ölkələri dünyada baş verən proseslərə reaksiya vermirlər”

Astroloq qeyd edib ki, indiki mərhələdə Rusiya hələlik zəif görünür:

“Amma rəsmi Moskva Şimali Koreya və müəyyən qədər də İranla ittifaq yaradır. Həmçinin, Rusiya Vyetnama da ittifaq təklifi verib, ancaq rədd cavabı alıb. Çin isə hələ neytral mövqedə dayanıb. Bundan başqa, Afrika ölkələrindən indiyə kimi Rusiyaya açıq dəstək verən yoxdur. Üstəlik, Latın Amerikası ölkələrindən olan Çili və Argentinanın Rusiya ilə əlaqələri yaxşı olsa da, onlar da bu prosesdə Moskvanın yanında durmağa risk etmirlər. Hesab edirəm ki, Hindistanın da hansı seçimi edəcəyi maraqlıdır. Çünki Çin ittifaqda olsa, Hindistan razılaşmayacaq. Amma belə vəziyyətdə Hindistanın Baş nazirinin Rusiyaya səfər etməsi olduqca diqqətçəkən məqam idi”.

Səbuhi Rəhimli bildirib ki, dünyada baş verən proseslər Üçüncü Dünya müharibəsinə doğru gedir:

“Əslində, Üçüncü Dünya müharibəsi başlayıb. Bu, maraqlar müharibəsidir. Real müharibə də hər an başlaya bilər. Nəzərə almaq lazımdır ki, son 100 ildə dünyada 183 həll olunmamış münaqişə var. Bu da real müharibə riski deməkdir. Amma qlobal müharibə dedikdə, Çin-Tayvan və ya Pakistan-Hindistan müharibəsi ilə proseslərin başlaması mümkündür. Lakin Üçüncü Dünya müharibəsində nüvə silahından istifadə olunmayacaq. Hətta deyərdim ki, biz nüvə müharibəsini görməyəcəyik”.

Elmir Mustafa
“Cebhe.info”