Əli Mirəliyev Kərimi “yıxıb-sürüdü”
Məhərrəmlikdən sonra toy biznesi yenidən canlanıb.
Artıq şou-biznesdə olan qalmaqallar şadlıq saraylarına da ayaq açıb. Belə ki, bu yaxınlarda müğənni Kərim Abbasov paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində döyülüb. Məhz müğənni Kərim Abbasovun toyda fonaqramma ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
Maraqlıdır, məhz toylarda müğənnilərin fonaqramma oxumalarına səbəb nədir?
Məsələ ilə bağlı sənətçi Əli Mirəliyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, müğənnilər fonaqramma oxuyacağını toy sahibinə öncədən bildirməlidir:
“Müğənnilər çox zaman şadlıq saraylarına saatlıq şou proqramlara gəlirlər. Əgər şou proqramdırsa, fonaqramma oxuna bilər. Lakin hər zaman səhnədə fonaqramma oxumaq da doğru deyil. Bunu edən müğənnilərin adətən səsində olan problemləri ört-basdır etməyə çalışırlar. Amma toy sahibi də haqlı olaraq tələb edib ki, canlı oxumaq lazımdır. Müğənni də məhz buna əməl etmədiyi üçün döyülüb”.
Əli Mirəliyev vurğulayıb ki, bu gün efirə və səhnəyə çıxan bir çox müğənnilərin musiqi təhsili yoxdur:
“Bu səbəbdən də nə gəldi oxuyurlar. Efirdə də senzuranın olmaması bütün dırnaqarası müğənnilərin yolunu açıb. Ona görə də onları toya çağıranda yaxşıca əzişdirirlər. Bir anlıq keçmişə nəzər salaq - Məmmədbağır Bağırzadə və digər görkəmli müğənniləri hec toyda döyublər?
Mən həmkarlarımın incidilməsini, döyülməsini istəməzdim. Amma bəzi müğənnilər var ki, onlar həqiqətən də döyülməlidir. Müğənniyə deyirlər fonaqramma oxuma, amma oxuyur. Ardıcıl xəbərdarlıq edilir, əməl etmirlər, nəticədə əzişdirib xəstəxanalıq edirlər. Buna görə də toy sahibini deyil, müğənnini qınayırlar. Çünki elin gözü tərəzidir”.
Həsən Məmmədov
“Cebheinfo.az”