“Biz bakılılar "Qırmızı kitab"a düşəcəyik” - Müğənni

“Biz bakılılar "Qırmızı kitab"a düşəcəyik” - Müğənni

“Biz bakılılar bu gün-sabah "Qırmızı kitab"a düşəcəyik”.

Bunu 1 İyul "Bakılılar Günü” münasibətilə “Cebheinfo.az”-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

Müğənni bu münasibətlə maraqlı və bir qədər nostalji dolu açıqlama verib:

“Anam içərişəhərlidir. Ovaxtkı "ağ şalvarlılar"dandır. Atam isə Ərdəbillidir. Amma mən Ərdəbili görməmişəm. Özüm Bakıda böyümüşəm. Kül olub bakılıların başına. Hamısını dağıdıblar, yazıqlar, bakılılar hərəsi bir tərəfə düşüb.

Əvvəllər bakılılar bir yerdə, bir toplum halında yaşayırdılar. Hamısı bir-birinə yaxın idi. Sonradan hamını dağıtdılar. İndi Mazasır, Xırdalan, Əhmədli, Günəşli və s. hərə bir tərəfə səpələndi. Əsl bakılılar indi kəndlərdə yaşayırlar- Maştağa, Bilgəh, Nardaran, Mərdəkan, Şağan, Şüvəlan və s. Biz bakılılar bu gün-sabah "Qırmızı kitab"a düşəcəyik. Bəlkə də artıq düşmüşük”. 

Əli Mirəliyev bakılıları təbrik edib:

“Əvvəllər Bakının mərkəzi İçərişəhər idi. Oradan çıxanda 300 metr o tərəfdə Çəmbərəkənd, bir az da aralıda Keşlə kəndi yerləşirdi, 8 kilometr uzaqda. Əhmədli kəndi təxminən 6-7 kilometr məsafədə idi. İndi isə Bakı o qədər böyüyüb ki, artıq Sumqayıta birləşib.

Köhnə Bakı elə bir aləmdir ki, onu sözlə izah etmək mümkün deyil. Onu yalnız yaşayanlar anlayar. Zərin qədrini zərgər bilər. Köhnə Bakı da elədir. Əsl bakılıların “köhnəsi” olmur. Bakı elə Bakıdır. Təəssüf ki, bu gün Bakıda bakılı tapmaq çətindir. Bakılıları Bakıdan çıxarıblar. İndi şəhər “göydələn"lərlə doludur. Amma nə olursa olsun, bayramları mübarək olsun!”

Müğənni bildirib ki, bu günü ailəvi ortamda sadə, amma doğma şəkildə qeyd ediblər:

“Hazırda Sarayda bacımgilə qonaq gəlmişəm. Elə bir az əvvəl "Bakılılar Günü"nü qeyd etdik. Bacım bizə pomidor-yumurta, çığırtma bişirdi. Oturub süfrə arxasında yeyib bayramı keçirdik”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”