Sülh müqaviləsi kilsənin “ram edilməsi”nə bağlıdır?

Sülh müqaviləsi kilsənin “ram edilməsi”nə bağlıdır?

Keçən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının əlavə tələblərinə baxmayaraq, Azərbaycanla təmasların niyə davam etdiyinə aydınlıq gətirib. 

Mirzoyanın sözlərinə görə, əgər rəsmi Bakı səmimi şəkildə Ermənistan Konstitusiyası ilə bağlı problemlər görürsə, o zaman ən birbaşa yol sənədi imzalamaqdır:

“İttifaqın dağılması zamanı SSRİ sərhədləri daxilində ərazinin tanınması haqqında saziş var. Ermənistan Konstitusiyasına münasibət bildirmək səlahiyyəti olan yeganə orqan Konstitusiya Məhkəməsidir. Əgər o, sülh müqaviləsinin konstitusiyaya zidd olmadığını bəyan edirsə, o zaman məsələ bitib. Qərar fərqli olarsa, o zaman hərəkətə ehtiyac olacaq”.

Sülh məsələsində Baş nazir Nikol Paşinyan üçün ən böyük maneələrdən biri də kilsədir. Bildirilir ki, Paşinyan məhz bu təsiri "ram etdikdən" sonra sülh müqaviləsinə imza ata bilər. Ermənistan Konstitusiyasına uyğun olan sənəd Azərbaycanın maraqlarına da uyğun olacaqmı? Ümumiyyətlə, Paşinyan kilsəni ram edə biləcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Paşinyanın kilsəni ram edə biləcəyini düşünür.

“Bəli, elə görünür. Amma burada məsələ onun Ermənistan Konstitusiyasına uyğun olub-olmaması deyil. Məsələ Azərbaycanın konkret tələbindən ibarətdir ki, Ermənistan Konstitusiyasında dəyişiklik aparılmalıdır. Çünki onların Müstəqillik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə birbaşa zidd olan müddəalar var. Bu isə qondarma rejimin statusu ilə bağlı məsələdir. Müstəqillik Bəyannaməsi ona istinad edir və problem də məhz buradan qaynaqlanır”.

Əziz Əlibəyli qeyd edib ki, Ermənistan daxilində sülh prosesi ilə bağlı müəyyən taktiki gözləntilər var:

“Ermənistanda isə belə bir düşüncə var ki, əvvəlcə sülh müqaviləsini bağlayaq, bizə mane olan konstitusion düzəlişləri də daha sonra edək. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan hakimiyyəti bu seçkilərdə mövqeyini itirmək istəmir. Onsuz da onun əleyhinə güclü müxalifət və kilsə var. Əgər Azərbaycanla münasibətlər yenidən pozularsa, Paşinyanın seçkidə qalib gəlmək şansı daha da azalacaq.

Bu baxımdan, o, Azərbaycanın bütün tələblərini qəbul etməyə hazırdır. Lakin eyni zamanda öz ictimaiyyətinə göstərmək istəyir ki, konstitusiya dəyişikliklərinə dair yekun qərarı Konstitusiya Məhkəməsi verir”.


Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın tələblərinə hüquqi don geyindirməyə çalışır ki, yəni guya bu, Azərbaycanın tələbi yox, bizim normativ qanunlarımız arasında kolliziya yaranır deyə dəyişəcəyik:

“O ki qaldı onların konstitusiyasına uyğunluğa, bu, bizim maraqlarımıza uyğundurmu? Burada əsas məsələ odur ki, Azərbaycan tərəfi təkcə mövcud konstitusiyadakı deyil, gələcəkdə qəbul olunacaq hər hansı konstitusiya layihəsində də revanşist, ərazi iddialarına dair bir iddia hiss edərsə, bunun da dəyişdirilməsi məsələsini qaldıra bilər.

Ermənistan onun üçün bildirir ki, belə bir hal olarsa, məsələ Konstitusiya Məhkəməsinə təqdim ediləcək, orada normativ hüquqi qiymətləndirmə aparılacaq. Əgər bu müddəalar Azərbaycanın ərazi bütövlüyünə zidd sayılarsa, onlar dəyişdiriləcək.

Amma söhbət bundan gedir ki, Ermənistan Azərbaycanın tələbinə hüquqi don geyindirməyə çalışır. Sanki bu dəyişikliklər Azərbaycanın tələbi ilə yox, daxili qanunvericilik kolliziyasına görə edilirmiş kimi göstərməyə çalışırlar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”