Doğum gününü seçicilərlə keçirən partiya sədri ilə MÜSAHİBƏ

Doğum gününü seçicilərlə keçirən partiya sədri ilə MÜSAHİBƏ

Bu gün Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağının doğum günüdür.

“Cebheinfo.az” 67 yaşını qeyd edən siyasətçi ilə doğum günündə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Akif bəy, əvvəlcə doğum gününüzü təbrik edir, sizə uzun ömür və uğurlar arzulayırıq. Doğum gününüzü necə keçirirsiniz?

- Mən hər dəfə doğum günümü həddindən artıq dar çərçivədə qeyd edirəm. Adətən partiya binasında 4-5 nəfərlə birgə keçiririk. Çox adam gəlmək istəsə də, ehtiyac olmadığını deyirəm. Sadəcə tort kəsərək qeyd edirik.

Evdə isə uşaqlar və nəvələrlə birlikdə keçirirəm. Həmçinin, müəyyən dost çevrələri ilə də bir neçə gün ərzində doğum günümü qeyd edirik.

- Bəzi həmkarlarınız doğum günlərini rayonlarda və ya başqa ölkələrdə qeyd edirlər. Siz niyə Bakıda keçirməyi üstün tutursunuz?

- Məncə, harasa getməyə ehtiyac yoxdur. Ona görə də Bakıda qeyd edirəm. 

Ümumiyyətlə, izdihamlı və ya dəbdəbəli ad gününün tərəfdarı deyiləm. Son illərdə sadəcə 1-2 dəfə yubileyimi paytaxtdan kənarda keçirmişəm. Onu da daxili tədbir kimi etmişik. Hətta bununla bağlı paylaşım da etməmişik. Çünki bunlarla gündəmə gəlmək istəmirik.

- Siz uzun illər Qarabağ Azadlıq Təşkilatının da sədri olmusunuz. Bəs doğum gününüzü Qarabağda qeyd etmək istəyirsiniz?

- Əlbəttə ki, çox istəyərəm. Ən böyük arzularımdan biri doğum günümü Qarabağda qeyd etməkdir. Xüsusilə Ağdamda və ya Şuşada keçirməyi çox istəyərəm. İnşallah, növbəti illərdə bu arzularımı həyata keçirə bilərəm. 

- Yeni yaşınızdan gözləntiləriniz nələrdir?

- Hər yaşdan onun düşərli və xeyirli olması arzu olunur. Əsas istədiyimiz odur ki, sağ-salamatlıq olsun. Partiyamızla bağlı da arzularımız var. Yəni partiyamızın daha güclənməsini, təşkilatlanmasını istəyirik. Doğum günüm seçki ərəfəsinə düşüb, seçkilərdən də gözləntilərimiz var. İnanırıq ki, 30 il ərzində çəkdiyimiz zəhmətin nəticəsi olacaq. Son 2 gündür bölgələrdə seçicilərdə görüşmüşəm. Şamaxı, İsmayıllı, Şəki, Mingəçevir, Ağdam, Bərdə, Ağcabədi və Tərtərdə çox sayda görüşlər keçirmişik. Hər yerdə müsbət münasibətlə qarşılaşırıq.

- İndiyə kimi aldığınız ən unudulmaz hədiyyə nə olub?

- İndiyə kimi bir çox unudulmaz doğum günü hədiyyələri almışam. Mən qadağan etməyimə rəğmən, İstər Qarabağ Azadlıq Təşkilatında, istərsə də Azad Vətən Partiyasındakı üzvlərimiz hər dəfə müəyyən hədiyyələr alıblar. Hamısı mənim üçün çox əzizdir. Qadınlar Şurasının sədri Fəridə Əsgərovanın təşəbbüsü ilə mənim portetimi çəkmişdilər. Fəridə xanım əslən şuşalı idi, dünyasını dəyişib. Onun xatirəsini də həmişə əziz tuturuq. Ona görə də həmin portert mənim üçün təsirli hədiyyədir. 

Ümumilikdə isə hədiyyə almağı sevmirəm. Çünki insanların hədiyyəyə görə xərcə düşməyini istəmirəm.

Elmir Mustafa
“Cebheinfo.az”