Məşhurları “başdan yaradan” həkim-kosmetoloq: “Kaş ölkəmizdə mənə bir vəzifə verilərdi...” - MÜSAHİBƏ

Məşhurları “başdan yaradan” həkim-kosmetoloq: “Kaş ölkəmizdə mənə bir vəzifə verilərdi...” - MÜSAHİBƏ

Son zamanların ən çox müzakirə olunan məsələlərindən biri də kosmetoloji xidmətlərdən istifadənin geniş yayılmasıdır.

Xüsusilə sosial şəbəkə istifadəçiləri paytaxt Bakıda xanımların xarici görünüşlərinə görə bir-birinə həddən artıq bənzədiyini bildirirlər.

Xalq artisti Gülyaz Məmmədovanı “başdan yaratmaqla” diqqəti daha çox üzərinə çəkən məşhur kosmetoloq Gülsüm Əliyeva “Cebhe.info”-ya müsahibəsində maraqlı məqamlara toxunub:

- Gülsüm xanım, son dövrlər ölkəmizdə kosmetoloqların sayında kəskin artım var. Bir çoxu da xüsusi təhsil olmadan bu işə başlayır. Hətta kosmetoloqlar ödəniş müqabilində tələbə götürür və bir neçə aya onları kosmetoloq kimi yetişdirdiklərini deyirlər. Əsl kosmetoloq olmaq üçün nələr lazımdır?

- Əslində ölkəmizdə barmaqla sayılacaq qədər professional və savadlı, əl işi mükəmməl olan həkim- kosmetoloqlar var. Sürətli artıma səbəb isə ucuz, heç bir dövlət reyestri olmayan və buna səlahiyyəti çatmayan kosmetoloqların sertifikatlar verib tələbə hazırlaşdırmasıdır. Əsl kosmetoloq olmaq üçün dövlət əsaslı təhsil müəssisəsində təhsil alıb, həkim olmaq, ixtisasa yiyələnmək, bundan sonra Səhiyyə Nazirliyi tərəfindən lisenziyası olan mərkəzlərdə çalışmaq lazımdır. 

- Əsl peşəkar kosmetoloqu və ya klinikanı necə müəyyən etmək olar? Prosedura başlamadan öncə nələrə diqqət edilməlidir?

- Araşdırmaqla təyin etmək olar. Prosedura başlamazdan öncə pasientin qeydiyyatından tutmuş, prosedur olunan otağa, xidmətlərə daxil diqqət edilməlidir. 

- Əvvəllər kosmetoloq yanına səhnə və efir adamları, yəni daha çox məşhurlar gedirdilər. Lakin hazırda 18-20 yaşdan yuxarı olan bir çox xanımlar ya prosedur etdirir və ya etdiməyə meyilli olurlar. Sizcə, səbəb psixolojidir, yoxsa Azəbaycan xanımlarının getdikcə kosmetik prosedlara daha çox ehtiyacı yaranır? Hansı yaş dövründə kosmetoloq yanına getmək məsləhətdir?

- Əvvəllər də xanımlarda kompleks olub, lakin kosmetologiyanın və estetikanın bu qədər öndə olduğu dövrlər olmayıb. İndi istənilən kompleksə son qoymaq olar. Ölkəmizdə estetika çox inkişaf edir. Estetik əməliyyatlarda və prosedurlarda 18 yaşdan yuxarı göstərişdir. Hətta 17 yaşda da etmək olar, pasient xarici görünüşündən kompleksə düşüb psixoloji sarsıntı keçirirsə bu mümkünür. 

- On il öncə ilə müqayisədə indi kosmetoji prosedurlar daha əlçatandır. Qiymətlər necə dəyişir? Bir xanımı “yenidən yaratmaq” üçün nə qədər vəsait lazımır?

- 10 il öncə ilə indini müqayisə edəndə, o zaman əlçatmaz və maraqlı idi. Çox az sayda estetik həkimlər var idi. İndiki dövrdəki estetikanı görəndə deyirəm ki, kaş ölkəmizdə belə dövlət qurumu yaradılardı, mənə bir vəzifə verilərdi və yoxlama aparıb yalnız yaxşı, savadlı, vicdanlı kosmetoloqların işləməsinə icazə verərdim. (Gülür)

Qiymətlər isə pasientə, istifadə olunan ləvazimatlara uyğun dəyişir. Ona görə qiymət fərdi olur.  Hər hansısa dəqiq rəqəm demək doğru olmazdı. Çünki qiymətlər dəyişkən olur. Eyni zamanda, endirim kampanayaları olduğundan, stabil qiymət demək çətindir.

- İstifadə edilən kosmetoloji preparatların, dolğuların, botoks və s. məhsulların mənşəyi, tərkibi haqqında nə deyə bilərsiniz? Çünki dediniz ki, qiymətlər buna görə də dəyişir.

- Bütün istifadə etdiyimiz preparatların mütləq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən gigiyenik sertifikatı olmalıdır. Belə sertifikatı olmayan preparat insan orqanizmi üçün riskli hesab olunur. Bu da sonra fəsadlara gətirib çıxarır. Ucuz prosedurlar da çox hallarda riskli hesab edilən preparatların tətbiqi nəticəsində fəsad verir. 

- Hamiləlik dövründə kosmetoloq yanına getmək olarmı?

- Hamiləlik dövründə yalnız və yalnız həkim-kosmetoloq qəbuluna getmək olar. Prosedurlar etmək olar, heç bir narahatlığa əsas yoxdur. 

- Yanınıza hansı məşhurlar daha çox gəlir? Yəni siz kimləri “yenidən yaratmısınız”?

- Konkret ad deyə bilmərəm, amma sosial şəbəkədə olan hesablarımdan bunu görmək olar. Kifayət qədər çox sənət adamları, məşhurlar var ki, sosial şəbəkələrdə, daha çox “İnstagram” səhifələrində təşəkkür postları paylaşırlar.

- Məşhur adamlardan gözəl rəyləri almaq sizə necə təəssürat yaradır? Bunun qiymətlərə hansısa təsiri olurmu?

- Bizim də motivasiyaya ehtiyacımız olur. İşimi o qədər sevirəm ki, istəyirəm pasientlərim də məni sevsinlər, prosedurdan sonra geri dönüş etsinlər. Qiymətləri gün- gündən münasib etməyə çalışırıq. Baxmayaraq ki, bizim kimi həkimlərin qəbuluna düşmək üçün xaricdən gələn pasientlər nə qədər məbləğ xərcləyirlər. 

- Sonda sizi izləyənlərə nə kimi tövsiyəniz olardı?

- Məni izləyən xanımlara tövsiyəm odur ki, kompleks çox ağır bir yükdür, onu daşımayın. Sizi üzünüzdə, bədəninizdə nə narahat edirsə, aradan qaldırın, tənbəllik etməyin. Kompleks aradan qalxanda, insanda çox gözəl hisslər olur. Özgüvənli və gözəl olmaq məhz xanımlara yaraşan öncəlikdir.

Həsən Məmmədov
“Cebhe.info