"Qarabağ məsələsi bu prosesdə az rol oynayacaq" - MÜSAHİBƏ

“Hraparak” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn il növbədəkənar parlament seçkilərinə getmək istədiyini yazır.
Adıçəkilən mənbə qeyd edir ki, Paşinyan bununla bağlı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında deyib. Baş nazir hazırkı parlament müxalifətini “oyunu” bitirəcəyi, yeni seçkilər keçirəcəyi, yenidən seçiləcəyi, parlamentin hazırkı mənzərəsini tamamilə dəyişəcəyi və Milli Məclisə tamamilə yeni müxalifət gətirəcəyi ilə hədələyib.
Bu xəbər hələlik təsdiqini tapmasa da, növbədənkənar seçkilərin Ermənistanın siyasi həyatında hansı nəticələrə gətirəcəyi barədə sualların meydana çıxmasına səbəb olub.
Ermənişünas ailm Qafar Çaxmaqlı “Cümhuriyət” qəzetinə müsahibəsində həmin suallara cavab verib:
- Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yaradan səbəblər nə ola bilər? Paşinyan bununla Ermənistan Milli Məclisindəki müxalifətdən can qurtarmaq istəyir?
- Hesab edirəm ki, Paşinyan bununla blef edir. Nikol Paşinyanın indiki siyasi reytinqi 2021-ci ilin parlament seçkiləri ilə müqayisədə xeyli aşağı düşüb. Əgər Ermənistanda yeni seçkilər elan edilsə, ənənəvi müxalifət deyil, yeni müxalifət meydana çıxa bilər və nəticələr Paşinyan üçün uğurlu ola bilməz. Siyasi hadisələr son üç ildə Paşinyanı çox ağır duruma salıb.
Xüsusilə də ermənilərin Qarabağdan Ermənistana kütləvi könüllü köçməsi faktı Paşinyan hökuməti üçün ciddi problem yaradıb. Ümumiyyətlə, Ermənistandakı siyasi qüvvələrin hamısı öz siyasətini bir qayda olaraq, Qarabağ məsələsi üzərində qururdular. Paşinyan da əvvəllər bu amildən istifadə edirdi. Artıq ermənilərin Qarabağdan çıxması Nikol Paşinyanın xeyrinə deyil. Lakin Paşinyan parlamentdə Robert Köçəryanın və Serj Sarkisyanın da başçılıq etdiyi qüvvələrdən xilas olmağa çalışır. Onlar Paşinyanın “əlinə-ayağı”na dolaşır.
Eyni zamanda, ortada Rusiya amilinin olması revanşist müxalifətin gücsüz olduğunu deməyə əsas vermir. Ermənistanda Rusiyaya qarşı gizli və açıq şəkildə nə qədər təbliğat aparılsa da, Moskvanın tərəfdarları çoxdur. Bu baxımdan, bir çoxları hesab edirlər ki, Ermənistanın gələcəyi Rusiyaya bağlı olmalıdır. Çünki Rusiya Ermənistanı heç vaxt əldən verməyəcək.
Ermənistan iqtisadiyyatının 70-80 faizinə Rusiya nəzarət edir. Bu günlərdə Ermənistan mediasında bir müsahibəni izlədim. Orada qeyd edilirdi ki, əgər gələcəkdə Ermənistanın dəmir yolları blokdan açılarsa, Paşinyanın təklif etdiyi “Sülh qovşağı” layihəsi Rusiyanın icazəsi olmadan reallaşa bilməz.
Ermənistanın dəmir yolları Rusiyanın mülkiyyətində olduğuna görə Paşinyan Moskvanın icazəsi olmadan həmin yola bir rels belə qoya bilməz. Bundan başqa, Ermənistanın qaz və neftlə təminatı, enerji və digər sahələr də Rusiyanın mülkiyyətindədir. Ona görə də Rusiyanın Ermənistandan çıxarılması mümkün görünmür. Fikrimcə, növbədənkənar seçkilər keçirilərsə, Rusiyapərəst qüvvələr səsvermədə daha fəal iştirak edərək üstünlük qazana bilər.
- Qarabağdan köçən ermənilərin bir çoxu Ermənistan vətəndaşlarıdır. Bu da revanşist müxalifətin əlini gücləndirən amildir. Bu, müxalifətin seçkilərdə qələbə qazanmasına nə qədər kömək edə bilər?
- Qarabağdan Ermənistana köçmüş adamların əksəriyyəti Rusiyaya meyilli insanlardır. Hətta onların bir qismi Ermənistanı tərk edərək Rusiyaya köçdü. Ancaq “Qarabağ klanı”nın bu məsələdən istifadə etməklə siyasi uğur qazanması mümkün görünmür. Seçkilər keçirilərsə, Qarabağ məsələsi bu prosesdə az rol oynayacaq. Çünki Ermənistan əhalisində də Qarabağdan danışıb meydana çıxanlara antipatiya var və belə hallar ictimai rəydə o qədər də yaxşı qəbul olunmur. Ona görə də Qarabağdan gedən ermənilərin seçkilərə ciddi təsir göstərmək imkanı yoxdur.
Müxalifətin Qarabağ amilindən istifadə etməsi üçün əsas da qalmayıb. Söhbıət seçkilərdə iştirak edəcək 20-25 min ermənidən gedə bilər ki, onun da bir çoxu Rusiyaya və digər xarici ölkələrə köçüb.
- “Hraparak” nəşri qeyd edir ki, seçkiləri keçirməkdə Paşinyan yeni müxalifətin yetişməsinə imkan verməmək istəyir. Yeni müxalifət kimi meyadan çıxa biləcək qüvvələr varmı və Paşinyan bunların qarşısını ala biləcəkmi?
- İstənilən hakimiyyət güclü müxalifət istəmir və çalışır ki, alternativ düşərgədə yalnız özünə uyğun, onun diqtəsi ilə oturub-duran bir siyasi qüvvə olsun. Hazırda Köçəryana, Sarkisyana bağlı parlament müxalifəti xeyli güclüdür və Paşinyana “başağrısı” yarada bilir. Görünür, Paşinyan bu problemi aradan qaldırmaq üçün yeni parlament müxalifəti formalaşdırmaq niyyətindədir.
Bu da Rusiyayönümlü və Qərbyönümlülərdən ibarət qarışıq müxalifət olacaq. Ermənistanın Baş naziri artıq müxalifətdən Edmon Marukyanı, Aram Sarkisyanı öz tərəfinə çəkə bilib. Yəni belə bir parlament müxalifəti qurula bilər.
- Deməli, Paşinyan parlamentdəki Rusiyapərəst müxalifəti Qərbyönlü müxalifətlə əvəz etmək istəyir. Bununla da Ermənistan parlamenti siyasi mövqeyindən asılı olmayaraq, yekcins şəkildə Qərbin tərəfdarlarından ibarət olacaq...
- Mənə elə gəlir ki, Paşinyan bu məqsədinə çatacaq. Çünki Ermənistanın Baş naziri son illər Qərbə yönəlik siyasət yürütməklə bu kursun təməlini qoydu və istədiyi dəstəyi də aldı. Nikol Paşinyan Qərbyönümlü qüvvələrdən ibarət yeni parlament formalaşdıra bilər. Son illər Fransanın, ABŞ-ın, Avropa Birliyinin tutduğu mövqe Ermənistandakı siyasi qüvvələri də gücləndirib. Artıq həmin qurumlar Avropa strukturlarında Ermənistanı təmsil edir və onlara da dəstək veriləcək.
- Buna baxmayaraq, Rusiya təhlükəsi də aradan qalxmayıb?
- Rusiya təhlükəsi hər zaman var. Çünki Rusiyanın Ermənistana güclü təsir alətləri var. Ermənistan heç zaman bunun qarşısını ala bilməyəcək. Rusiyanın siyasi, hərbi, xüsusilə də iqtisadi sahədə Ermənistana təsir imkanları çox güclüdür.
Müşfiq Abdulla
Cebhe.info