Akif Nağı: “Keşişin məqsədi hakimiyyətə gəlmək deyil”

Akif Nağı: “Keşişin məqsədi hakimiyyətə gəlmək deyil”

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.

O, hətta Baş nazir Nikol Paşinyana qarşı çox iddialı bir bəyanat səsləndirib:

“Kobud güc və qəddar münasibət bizi məqsədimizə çatmaq üçün dayandıra bilməz. Amma əsas məsələ bu deyil, əsas məsələ Paşinyanın hakimiyyətdən getməsidir və o, gedəcək”.

Maraqlıdır, Baqratın bu qədər iddialı danışmasına səbəb nədir? Bu keşiş kimə güvənib belə çıxışlar edir?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebhe.info”ya açıqlamasında bildirib ki, arxiyepiskop Baqrat Qalstanyan ya avantürist, ya da hiyləgər adamdır:

“Bəlkə də, Ermənistanın daxilində çaxnaşma yaratması üçün ona müəyyən qədər pul veriblər. Onun hədəfə çatıb-çatmayacağı isə bu sifarişi verənlər üçün vacib deyil. 

Çünki bu nə hərəkat rəhbəridir, nə də ətrafında siyasi qüvvə və ya təşkilat var.

Baqrat Qalstanyan birdən-birə ortaya çıxaraq populist şüarlarla insanları düz yola dəvət etmir. Amma onun əsas məqsədini başa düşənlər tədricən uzaqlaşırlar. O, sadəcə kütlə psixologiyası ilə ətrafına ilk aksiyalarında müəyyən qədər adam toplaya bildi. 

Hərçənd ki, onların nə istədiyi də məlum deyil”.

Partiya sədri qeyd edib ki, Baqratın baş nazir olması rüsvayçı bir vəziyyət olar:

“Hansısa bir kənd keşişinin gəlib baş nazir olması biabırçılıqdan başqa bir şey olmaz.

Hətta Baqrat hakimiyyətə gəlsə belə, Azərbaycanın digər kəndlərini geri almasının qarşısını ala bilməz.

Deməli, Baqrat heç nəyə arxayın deyil və qüvvəsi yoxdur. Onun yeganə məqsədi ölkədə qarşılıqlıq salmaq və xaos yaratmaqdır. Ona görə də Baqrat Qalstanyan mənasız və məntiqsiz çıxışlar edir.

Müəyyən qüvvələr isə proseslərin böyüməsini və Paşinyanın devrilməsini istəyirlər. 

Hesab edirəm ki, Baqratın özünün hakimiyyətə gəlmək üçün nə şansı, nə də dəstəyi var. 

Onun arxasındakı qüvvələr hakimiyyətə gəlməyə çalışırlar”.

Elmir Mustafa
“Cebhe.info”