Bakıda toplantı: “Beynəlxalq mübarizəni daha da gücləndirəcək”

Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq mübarizə daha da güclənəcək.
Qeyd edək ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultay keçirilib. qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.
Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat Qurultayda fəxri qonaq qismində iştirak edib.
Qurultayın keçirilməsində əsas məqsəd Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırmaq idi. İki gün davam edən müzakirələr nəticəsində qurultay iştirakçıları tərəfindən Fransa müstəmləkəçiliyinə qarşı Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması ilə bağlı bəyannamə imzalanıb. Bəyannamədə Fransanın müstəmləkə siyasətinə qarşı beynəlxalq səviyyədə mübarizənin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Məsələ ilə bağlı politiloq Oqtay Qasımov “Cebhe.info”-ya şərhində qeyd edib ki, rəsmi Bakının Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq mübarizəyə diplomatik-siyasi töfhələri təqdirəlayiqdir:
“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə dəfələrlə müstəmləkə siyasətinə qarşı kəskin mövqe sərgiləyib. Bakının təşəbbüsü ilə bu istiqamətdə ciddi addımlar atılıb. Azərbaycan qlobal dünyada yalnız Fransanın deyil, həmçinin başqa ölkələrin də müstəmləkə siyasətinə qarşı çıxır. Sözsüz ki, Fransa məsələsinin ortaya çıxmasının obyektiv səbəbləri var.
Fransa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında rol oynayıb, hər zaman işğalçı Ermənistanın yanında olub və son 35 il ərzində işğal altında olmuş ərazilərdə separatçı rejimə dəstək verib. Fransanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması onun destruktiv siyasətindən irəli gəlir.
Fransanın destruktiv siyasəti, ən əsası da müstəmləkə dövlət rolunda olması Bakını adevkat addımlar atmağa vadar edir. Azərbaycan bununla həm beynəlxalq dəyərləri müdafiə edir, həm də Fransanın təzyiqlərinə qarşı lazımi addımlarını atır. Bakıda keçirilmiş toplantıda Beynəlxalq Azadlıq Cəbhəsinin əsasının qoyulması müsbət bir hadisədir. Bu, müstəmləkəçiliyə qarşı keçən əsrin 60-ci illərdən başlamış beynəlxalq mübarizəni daha da gücləndirəcək”.
Yunis Abdullayev
“Cebhe.info”