COP29: "Bakıdan dünyaya ciddi mesajlar veriləcək"

COP29: "Bakıdan dünyaya ciddi mesajlar veriləcək"

Xəbər verdiyimiz kimi, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı (COP29) Azərbaycanda keçiriləcək. 

11-22 noyabr tarixlərində paytaxtımızda keçiriləcək tədbirə maraq olduca böyükdür. Təxminən 70-80 min xarici qonağı qəbul edəcəyimiz tədbir dünyanın da diqqət mərkəzindədir.

İqlim dəyişikliyə qarşı tarixi addımların atılacağı konfransdan gözləntilər də olduqca yüksəkdir. Belə bir tədbirin bütün ölkələrin yekdil dəstəyi ilə Azərbaycanda keçirilməsini də qeyd etmək yerinə düşür.

Prezident İlham Əliyev cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bu məsələni diqqətə çatdırıb:

“Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə böyük tədbirlərin keçirilməsi üçün hər ölkəyə etimad göstərmirlər:

“Ona görə də Azərbaycana etimad göstərilməsi ölkəmizin dünyadakı nüfuzundan xəbər verir. Hər kəs bilir ki, Azərbaycan COP29-a da uğurla ev sahibliyi edəcək. Çünki ölkəmizin belə beynəlxalq tədbirləri keçirmək təcrübəsi var.

Üstəlik, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini Ermənistan daxil olmaqla, bütün ölkələr dəstəklədi. Bütün dövlətlərin razılığı ilə Azərbaycanın üzərinə bu məsuliyyət qoyuldu. Əminik ki, ölkəmiz də bu məsuliyyətli missiyanın öhdəsindən gələcək”.

Partiya sədri əlavə edib ki, hər hansısa bir tədbir keçirilən ölkədən daha çox dünya üçün əhəmiyyətlidir:

“Nəzərə almaq lazımdır ki, bu gün dünya iqlim dəyişiklikləri ilə bağlı çox narahatdır. Bununla bağlı həyəcan təbili çalınır və çox böyük layihələr həyata keçirilməyə çalışılır. Ona görə də COP29-un dünya səviyyəsində bir tədbir olduğunu vurğulamalıyıq. 

Dünyanın bütün aparıcı dövlətlərinin rəhbərlərinin inkişafı ilə ciddi mesajlar veriləcək. İqlim dəyişiklikiyi ilə bağlı təhlükələrin qarşısını birlikdə almağımız üçün addımlar atılacaq”. 

Akif Nağı qeyd edib ki, COP29-un paytaxtımızda keçirilməsinin tarixi əhəmiyyəti var:

“Azərbaycan sübut edəcək ki, ölkəmiz haqqında səsləndirilən qərəzli fikirlərin heç bir əsası yoxdur. Biz bu cür beynəxalq tədbirlərin keçirilməsində təşkilatçılığımızı bir daha dünyaya göstərəcəyik. 

Bundan başqa, dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar da ölkəmiz haqqında reallıqları öz gözləri ilə görəcəklər. Beləliklə, ölkəmiz haqqında müsbət rəy daha da artacaq. Yəni COP29-un Bakıda keçirilməsi hər cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir”.

Elmir Mustafa
“Cebheinfo.az”