Kremli qəzəbləndirəcək SƏFƏR

Kremli qəzəbləndirəcək SƏFƏR

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.

Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin məlumatına görə, baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. Maraqlıdır, Qert Yan Kompanın region ölkələrinə rəsmi səfərinin əsas məqsədi nə ola bilər? Avropa Komissiyasının nümayindəsinin Azərbaycan və Ermənistan rəsmiləri görüşündə Brüsselin Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik təşəbbüsləri müzakirə olunacaq? 

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebhe.info”-ya şərhində qeyd edib ki, Aİ Cənubi Qafqazda geosiyasi və geoiqtisadi təsir imkanlarını artırmağa çalışır:

“Avropa İttifaqı Cənubi Qafqaz məkanını gələcəkdə özünün əhatə dairəsində görmək istəyir. Brüssel bu istiqamətdə siyasətini daha da gücləndirir. Son zamanlar Aİ rəsmilərinin Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistana rəsmi səfərləri məhz bu hədəfə yönəlib.

Bildiyimiz kimi, Ermənistanda Rusiya-Qərb qarşıdurması daha da intensivləşib. Aİ-nın Cənubi Qafqazla bağlı geostrategiyasının əsas qayəsi vaxtilə Rusiyanın təsir dairəsində olan bu regionda öz təsir imkanlarını artırmaqdır. Yəni Brüssel həm siyasi, həm də iqtisadi cəhətdən Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətindədir. Hazırda Aİ rəhbərliyi bu siyasətini yumşaq güc yolu ilə həyata keçirir. Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz ölkələrinə göndərilən maliyyə, iqtisadi və humanitar yardımlar məhz bu kontekstdədir”. 

Ekspert hesab edir ki, səfər zamanı Azərbaycan-Ermənistan münasibətləri ötəri müzakirə olunacaq:

“Bu, Qert Yan Kopmanın səlahiyyətlərinə daxil deyil. Amma, yəqin ki, Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Ermənistan və Azərbaycan rəsmiləri ilə görüşdə sülh sazişi ilə bağlı məsələlərə toxunacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”