Makronun Azərbaycan düşmənçiliyi: Yeni fazaya keçir

Makronun Azərbaycan düşmənçiliyi: Yeni fazaya keçir

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib.

Maraqlısı budur ki, rəsmi Paris əssasız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib.

Bundan başqa, bəyanatda Fransanın Ermənistanın ənənəvi müttəfiqi olduğu vurğulanıb, mühüm erməni diaspor icmasına ev sahibliyi etməsi qeyd  olunub.

Bəyanatda Fransanın Ermənistan ərazisində layihələrinin olması da qeyd edilib.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Fransanın Azərbaycana hazırki münasibəti onun geosiyasi ambissiyalarından irəli gəlir:

“İkinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Rəsmi Paris öz düşmənçilik siyasətini hər imkanda daha da genişləndirir. Bu baxımdan hesab etmək olar ki, Makron hakimiyyətinin Azərbaycana münasibətdə mövqeyinin dəyişməsi ehtimalı inandırıcı görünmür. Bu, Emmanuel Makronun öz seçimidir və bununla ölkəmizə müəyyən təzyiqlər etməyə çalışır. Makron və onun komandasına elə görünür ki, Fransa hələ də böyük güc mərkəzidir və Azərbaycana istədiklərini qəbul etdirə biləcək. Rəsmi Paris unudur ki, Fransa Afrikadan qovulub və bütün dünyada öz geosiyasi nüfuzunu itirmək üzrədir. Fransanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək"

Ekspertin fikrincə, Paris anti-Azərbaycan siyasətini daha da sərtləşdirə bilər:

"Buna baxmayaraq, rəsmi Bakı öz mövqeyində möhkəm dayanacaq. Makron hakimiyyətinin qərəzli və məkrli planlarının həyata keçməsinə imkan verməyəcək. 

Hesab edirəm ki, Makron hakimiyyəti Azərbaycana münasibətdə çox böyük səhvlərə yol verir. Fransa Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda proseslərə müdaxilə edə və regionda möhkəmlənə bilməz. Rəsmi Parisi  qəzəbləndirən əsas məqamlardan biri elə budur”. 

Politoloq vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ittihamları əsassızdır və absurd xarakter daşıyır:

“Azərbaycan Fransa ilə münasibətlərin korlanması istiqamətində heç bir addım atmayıb. Əksinə, son üç-dörd il ərzində Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Fransa Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli mövqedən çıxış edir. Bütün bunlara əmin olmaq üçün Fransa Milli Assambleyasında qondarma rejimin tanınması ilə bağlı qətnaməni nəzərdən keçirmək kifayətdir. Həmçinin əlavə etmək olar ki, Fransa Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin qəbul olunmasında aktiv rol oynayıb. 

Fransa Azərbaycana böhtan atmaqla məşğuldur. Öz səfirini geri çağırmaqla Azərbaycana təzyiq etdiyini düşünür. Lakin anlamır ki, onun bu addımları heç bir nəticə verməyəcək”. 

Yunis Abdullayev 
“Cebhe.info”