Moskva da Qərbi Azərbaycana qayıdışı dəstəkləyir: Amma nə vaxt?

Moskva da Qərbi Azərbaycana qayıdışı dəstəkləyir: Amma nə vaxt?

“Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib. 

Zaxarova, həmçinin Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Maraqlıdır, görəsən, Rusiya 1988-ci ildə öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk edən və deportasiyaya məruz qalan azərbaycanlıların yenidən Ermənistana qayıtmasına yardım göstərə bilər? 

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli “Cebhe.info” –ya şərhində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüquqlarının olduğunu bildirib:

“Geri qayıdışla bağlı üçtərəfli 10 noyabr Bəyanatında müddəalar var. Hesab edirəm ki, bu məsələdə Azərbaycan çox düzgün siyasət yürüdür. Azərbaycan dövlət olaraq hər zaman Qərbi azərbaycanlıların yanında olub və bundan sonra da olacaq. Beynəlxalq insan hüquqlarına əsasən, Qərbi azərbaycanlılar öz hüquqlarından istifadə edib öz ata-baba torpaqlarına qayıtmalıdırlar. 

O ki qaldı Rusiyanın bu məsələdə Azərbaycana dəstək göstərməsinə, Moskva Ermənistanda öz mövcudluğunu saxlamaq üçün müxtəlif yollar axtarır. Rusiya Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirəcək kommunikasiyaların açılmasında maraqlıdır. Moskva, həmçinin Qarabağ ermənilərinin Azərbaycana qayıtmasında rol oynamaq və bu təşəbbüsü Qərbə verməmək niyyəti güdür:

O qeyd edib ki, eyni zamanda, Rusiya Qərbi azərbaycanlılarla bağlı məsələlərin gündəmdə olduğunu bildiyindən, Azərbaycanın gücündən və qüdrətindən yararlanmaq istəyir: "Soydaşlarımızın indiki Ermənistana qayıtmaları üçün beynəlxalq səviyyədə münasib şərait yaradılmalıdır. 

 Amma qeyd edim ki, bu istiqamətdə addımlar indiki zamanda deyil, növbəti mərhələlərdə atıla bilər. Çünki ilk növbədə Ermənistanın işğalı altında olan səkkiz kənd qaytarılmalıdır, ondan sonra isə Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası prosesi başa çatmalıdır”. 

Yunis Abdullayev 
“Cebhe.info”