Nazirliklər bölgələrə köçürülür? - AÇIQLAMA

“Bəzi nazirliklər paytaxtdan bölgələrə köçürülə bilər”.
Bu sözləri AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, ən azından nazirliklərin regional şöbələri daha aktiv şəkildə fəaliyyət göstərməyi lazımdır:
“Nazirlər özləri də ay ərzində bir neçə dəfə həmin regional şöbələrdə vətəndaşlarla görüşlər keçirməlidir. Düzdür, nazirlər bir vaxtlar rayonlara gedərək görüşlər keçirirdilər, amma sonra dayandı. Düşünürəm ki, bunu davam etdirmək lazımdır. Çünki məmurlarla vətəndaşlar arasında sıx əlaqə olmalıdır. Amma bəzi bələdiyyə sədrləri belə vətəndaşları qəbul etmirlər. Əslində bələdiyyə sədrləri daima insanlarla kontakta olmalıdır. Bələdiyyə sədrinin qəbulunu düşə bilməmək absurddur”.
Həmsöhbətimiz qeyd edib ki, nazirliklərin bölgələrə köçməsi ilə iş prinsipləri də dəyişməlidir:
“Hansısa nazirlik bölgəyə köçməsinə rəğmən, vəziyyət eyni qalacaqsa, bunun heç bir mənası olmayacaq. Əslində nazirliyin yerini deyil, fəaliyyət prinsiplərini dəyişmək lazımdır. Əks halda, real nəticə əldə etmək mümkün deyil. Nəticəni dəyişməklə paralel olaraq nazirliyin yerini və strukturunu dəyişə bilərik. Amma iş getməyəcəksə, bu dəyişikliklər faydası olmaz”.
Əhəd Məmmədlinin sözlərinə görə, bütün nazirliklərin Bakıda yerləşməsinə ehtiyac yoxdur:
“Məsələn, Kənd Təsərrüfatı Nazirliyini Gəncəyə köçürmək olar. Nəzərə almaq lazımdır ki, Gəncə çox önəmlidir və Azərbaycanın ən böyük ikinci şəhəridir. Üstəlik, ölkəmizdəki dəyişiklər həmişə Gəncədən başlayır.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yevlaxa köçürülməsi mümkündür. Yevlax ölkənin mərkəzində yerləşən Aran zonasıdır.
Həmçinin, bəzi nazirliklərin Sumqayıt və Mingəçevir kimi şəhərlərə köçürülməsi gündəmə gələ bilər. Hətta “Azərişıq” kimi qurumları Mingəçevirə köçürmək olar. Amma paralel olaraq işin keyfiyyətini də yaxşılaşdırmaq lazımdır. Biz fonu dəyişməyi deyil, işin səmərəliliyinin artırılmasını istəməliyik. İşin səmərəliyinin artması fona bağlıdırsa, dəyişməliyik”.
Elmir Mustafa
“Cebheinfo.az”