Rusiya Qafqazdan birdəfəlik gedir

Rusiya Qafqazdan birdəfəlik gedir

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Cənubi Qafqazda yeni geosiyasi proseslərə gətirib çıxaracaq.

Aprelin 16-da Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti ərazilərimizi tərk etməyə başlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov Moskvanın sülhməramlıların Qarabağdan çıxarılması prosesinə başladığını təsdiqləyib. 

Onun sözlərinə görə, sülhməramlıların Qarabağdan tam çıxarılması prosesi 2024-cü ilin sentyabrın sonunda başa çatacaq. Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Qarabağda atəşkəsinin təmin olunması üçün imzalanan Bəyanatın 3-cü müddəasına əsasən, Qarabağın dağlıq ərazilərində və Laçın dəhlizi boyunca Rusiya sülhməramlıları yerləşdirilib. Onların funksiyaları bölgədə atəşkəsə riayət olunmasını və sabitliyi təmin etmək idi. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində rus sülhməramlıların öz öhdəliklərini yerinə yetirmədiyinə, bölgədə qeyri-qanuni erməni silahlı qruplaşmalarının silahlanmasına, qanunsuz postlar qurmasına və ordumuza qarşı təxribatlar törətməsinə şərait yaratdığına şahidi olduq. Nəticə etibarilə bölgədə erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınması, o cümlədən daimi sülh və təhlükəsizliyin təmini üçün Azərbaycanın hərbi-siyasi rəhbərliyi cavab tədbirləri görmək məcburiyyətində qaldı. Öncə Ermənistanla sərhədin Laçın giriş hissəsində nəzarət-keçid məntəqəsi quruldu, ondan sonra isə Azərbaycan silahlı qüvvələri Qarabağın bütün dağlıq ərazilərində birgünlük antiterror əməliyyatları həyata keçirməklə həm qeyri-qanuni erməni silahlı birləşmələrini zərərsizləşdirdi, həm də qondarma qurumun fəaliyyətinə son qoydu. Vaxtilə rus sülhməramlıların məsuliyyət zonasına daxil olan ərazilər – Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd ölkəmizin silahlı qüvvələrinin və təhlükəsizlik orqanlarının tam nəzarəti altındadır. Yəni Rusiya sülhməramlılarına heç bir ehtiyac qalmayıb. Bunu anlayan Moskva gec də olsa, sülhməramlıları Qarabağdan çıxartmaq qərarına gəlib. Artıq bir çox ekspertlər Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsini Rusiyanın Cənubi Qafqazdan çıxması prosesinin başlanğıcı kimi qələmə verməyə başlayıblar. 

Onlar hesab edirlər ki, yaxın zamanda Rusiya Ermənistandan da ordusunu çıxarmaq məcburiyyətində qalacaq. 

Politoloq Zərdüşt Əlizadə “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Rusiya artıq Cənubi Qafqazda hərbi-siyasi və geosiyasi mövqelərini itirir:

“1990-ci ilə qədər Rusiya Cənubi Qafqazda yeganə güc mərkəzi idi. Regionun üç ölkəsi Moskvanın tələblərinə riayət etmək məcburiyyətinə idi. Lakin Rusiya rəhbərlərinin xəyanəti və irrasional siyasəti nəticəsində SSRİ kimi supergüc dağılıb məhv oldu. Nəticədə SSRİ-nin 15 üzv ölkəsi müstəqillik əldə etdi. Məhz bundan sonra Qərb güc mərkəzləri, xüsusilə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı postsovet regionu – Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada təsir imkanlarını artırmağa başladı. Bu proses hələ də davam edir. 

Demək olar ki, Rusiya Azərbaycan və Gürcüstanda mövqelərini itirib. Moskva Ermənistan üzərində hərbi-siyasi nəzarəti də itirəcək. Heç bir şübhə yoxdur ki, Ermənistan Rusiyanın təsir dairəsindən xilas olacaq”. 

Politoloqun sözlərinə görə, Rusiya Cənubi Qafqazda heç bir zaman yenidən möhkəmlənməyəcək:

“Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən zəifləməyə doğru gedir. Rusiyanın yenidən güclü və qüdrətli dövlətə çevrilməsi qeyri-mümkündür. 

Bu, heç bir zaman baş tutmayacaq. Rusiyanın çöküşü mütəmadi olaraq davam edəcək”. 

Zərdüşt Əlizadə Cənubi Qafqazda bundan sonra baş verəcək prosesləri belə sadalayıb: 

“Azərbaycan müstəqil dövlət kimi daha da möhkəmlənəcək. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və hər iki ölkə ikitərəfli diplomatik-siyasi əlaqələrin qurulmasına fokuslanacaq. Bundan sonra isə Ermənistanın Türkiyə ilə sərhədləri açılacaq və münasibətləri normallaşacaq. Bu da Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına və Qərbə inteqrasiya olunmasına münasib şərait yaradacaq”. 

Yunis Abdullayev
"Cebhe.info"