Xalqın sevmədiyi yalançılar və onların mitinq şouları

Xalqın sevmədiyi yalançılar və onların mitinq şouları

Sosial şəbəkələri “mübarizə meydanı” sayanlar üçün dünya da, siyasət də elə sosial şəbəkədən ibarətdir.

Özlərini burada hamıdan güclü göstərir, rəqibsizliklərini cəmiyyətə sırımaq, sanki bütün dünyanın onları dəstəklədikləri fikrini yaratmaqla ictimai rəyə ənənəvi yalanlarını sırımağa çalışırlar.  

Amma çox yaxşı bilirlər ki, sosial bazaları yoxdur. Ətraflarında hər gün bir az daha seyrələn adamların yerini boş qoymamaq üçün qısa müddətli gedişlər, ardıcıl yalan və pafosla kimlərisə inandırmağa çalışırlar. Bu inandırmaq cəhdi isə SİYASİ DÜRÜSTLÜK tələb etdiyindən onu da bacarmırlar. 

Cəmiyyət dəyişib. Müasir cəmiyyət eşitdiklərinə yox, gördüklərinə, bildiklərinə inanır. Gördükləri və bildikləri isə onlara gələcəklə bağlı vəd verənlərin keçmişinin və bu gününün dürüstlükdən tamamilə uzaq olmasıdır.

Buna baxmayaraq, heç bir sosial bazası olmayan bu adamlar öz niyyətlərinə xalqı alət etmək cəhdində inad edirlər. Təbii ki, söhbət böyük xalq kütlələrindən getmir. Söhbət olsa-olsa aldada bildikləri müəyyən kəsimdən gedir. Bir ovuc adam üçün siyasətdən ağızdolusu danışan bu adamların keçmişi də, bu günü də, sabahı da qaranlıqdır. 

Özlərini sehrli-sirli göstərməyə çalışan bu adamlar əslində siyasətbazlıq üçün müxtəlif variantlardan istifadə edir. Hər zaman belə olub. İllərdir “gələcəklə” aldatdıqları insanlardan öz şəxsi qazancları naminə istifadəyə çalışıblar. Amma bütün cəhdləri uğursuz olub və alınmayıb. Sözlər əməllərlə təsdiqlənməyəndə, onun heç bir əhəmiyyəti, inandırıcılığı qalmır, bu dəfə də belə olacaq, hər dəfə olduğu kimi...

Əli Kərimli özü üçün “siyasət meydanı” elan etdiyi sosial şəbəkələrdə yenidən mitinq anonsu verib. Bu aksiyada kimə, niyə etiraz edəcəyini deməsə də, onu dəstəkləməyə çağırıb. Ancaq özü də xalqın dəstəyi ilə bağlı öz sözlərinə inanmadığından, aksiya ilə bağlı çağırışlarında çox süst görünür. 

Hansısa siyasi qüvvədən özünə dəstək tapa bilmir, hətta müxalif mövqedə olan siyasi qüvvələr onun oyununda iştirakçı olmaq niyyətində deyil. Biz hələ xalqdan danışmırıq.

Əli Kərimlinin aksiya çağırışına dəstək verən nə ciddi siyasi qüvvə, nə də xalq var. Əvvəl də belə idi, indi də belədir. 

Azərbaycan bu gün dünyada öz yeri, sözü və qələbəsi olan dövlətdir. İstər 44 günlük müharibə, istərsə sonrakı antoterror əməliyyatında  dünyada bəlkə də bənzəri olmayan siyasi həmrəylik nümayiş etdirdi. Müharibədən sonrakı, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə əvvəlki dövrlərdən əldə edilən siyasi sabitlik yerini həm də siyasi həmrəylik mühitinə verdi. 

Azərbaycanın 30 illik erməni işğalına son qoymasında əsas rollardan birini oynayan siyasi həmrəylik sonrakı dövrlərdə də ölkəmizə qarşı təhdid siyasətinin qarşısını kəsən amillərdən birinə çevrildi. Azərbaycanı daxildən parçalamağın mümkün olmadığına dair müharibə günlərində formalaşan qənaət ərazi bütövlüyünü tam təmin etmiş bir ölkə üçün bu gün də keçərlidir. 

Odur ki,  siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan mövqelərini daim davam etdirən bu qüvvələr daxildən heç bir dəstəyə ümid edə bilməzlər. Zatən onlara qarşı olan etimadsızlıq, inamsızlıq siyasi fəaliyyətləri boyunca hansısa ciddi uğura imza ata bilməmələrinin əsas səbəbi olub. Xalq yalançıları sevmir, onları özündən kənarlaşdırır, əgər yalana bir də şəxsi qazanc həvəsi üçün xalqdan istifadə cəhdləri qatılırsa, xalq əlinin tərsi ilə bu tipləri ölkənin siyasi həyatından süpürüb atır. 

Çünki bu qüvvələr  sağlam siyasi mühitdə fəaliyyət göstərmək imkanlarının olmadığını indiyədək dəfələrlə göstəriblər. Bu mühitdə fəaliyyət üçün bacarıq və gücləri olmadığından, ölkəyə və xalqa qarşı olan qüvvələrdən  almağa çalışdıqları güclə bütün ümidlərini küçə iğtişaşlarına bağlayıblar. 

Dürüst siyasətlə məşğul olmağı bacarmayanların son ümidi  bu olur, azad seçkidə qalib gəlməyi demirik, hətta iştirak fikrindən belə xoflanan bu qüvvələr üçün yeganə “mübarizə” meydanı küçələrdir. Azərbaycan dövləti və xalqı üçün olduqca önəmli olan bu dövrdə xaosdan bəslənən bu qüvvələrin  sosial şəbəkələrdəki hücrələrindən “meydanlara” çıxmaq həvəsi də siyasi fəaliyyətə yox, şəxsi mənfəətə hesablanıb. Bunun üçün kimlərdənsə alacaqlarını hesablamaq belə onlara zövq verir. 

Amma xalq onun adı ilə oyun oynamaq həvəsinə düşənlərə bu zövqü yaşatmayacaq.

Süleyman Yusifov
Cebhe.info