Zəngəzur dəhlizi də masada: Əgər Paşinyan devrilməsə...

Zəngəzur dəhlizi də masada: Əgər Paşinyan devrilməsə...

“Zəngəzur dəhlizinin açılması gündəmdədir və bununla bağlı danışıqlar davam etdirilir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədrinin birinci müavini Ənvər Ağazadə “Cebhe.info”-ya açıqlamasında bildirib. O deyib ki, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq:

“Amma bunun nə vaxt olacağını indidən demək bir az çətindir. Ermənistanda hətta  Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı etiraz dalğası başlayıb.

Üstəlik, bu etirazların genişlənməsi ehtimalı da var. Aksiyalara xaricdən dəstək verən qüvvələrin olduğunu da nəzərə almaq lazımdır. Burada xüsusilə Rusiyanın, erməni diasporunun və kilsənin böyük dəstəyinin olduğunu deyə bilərik. Hətta Nikol Paşinyanın devrilmə ehtimalları mövcuddur”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, İran istisna olmaqla, bütün region ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:

“Çünki bu dəhliz iqtisadi əlaqələrin sürətlənməsi, logistika və ticarətin inkişafıdır. Üstəlik, bu ticarət xəttində maraqlı olan ölkələr var. Ona görə də bu dəhliz gec-tez açılacaq. Zəngəzur dəhlizinin açılaması ilə bağlı da Azərbaycanla Ermənistan arasında mütəmadi görüşlər keçiriləcək. Düşünürəm ki, bu istiqamətdə danışıqlar davam etdiriləcək. Hər görüşdə dəhlizin açılmasına nail olacağımızla bağlı ümidlər artır”. 

Elmir Mustafa 
“Cebhe.info”