4 universitetdə nə dəyişəcək? - “40 il əvvəl tikilən laboratoriya ilə hara qədər...”

4 universitetdə nə dəyişəcək? - “40 il əvvəl tikilən laboratoriya ilə hara qədər...”

Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək. 

“Cebheinfo.az” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir. 

- Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilmə yolu ilə ; 
- Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə;
 - “Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texnologiya Universitetinə çevrilmə yolu ilə; 
- Bakı Slavyan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Slavyan Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcəklər. 

Nazirlər Kabinetinin təsdiqlədiyi nizamnamələrə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nizamnamə fondu 17 791 159 (on yeddi milyon yeddi yüz doxsan bir min yüz əlli doqquz) manat, Rəssamlıq Akademiyasının nizamnamə fondu 3 282 204 (üç milyon iki yüz səksən iki min iki yüz dörd) manat, Azərbaycan Texnologiya Universitetinin nizamnamə fondu 1 920 000 (bir milyon doqquz yüz iyirmi min) manat, Bakı Slavyan Universitetinin nizamnamə fondu 28 798 321 (iyirmi səkkiz milyon yeddi yüz doxsan səkkiz min üç yüz iyirmi bir) manat olacaq. 

Maraqlıdır ki, universitetlərin publik-hüquqi şəxsə çevrilməsinin müəllim və tələbə heyəti üçün faydaları olacaq? 

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu universitetlərin digər univetsitetlərdən hər hansı bir fərqini görmürük:

“Nə müəllimlərin maaşı artıb, nə də tələbələrin sosial-rifahı yaxşılaşdırılıb. Tədrisin keyfiyyətində hər hansı bir yenilik müşahidə edilmir. Hesab edirəm, bu 4 universitetdə də digərlərində olduğu kimi bir yenilik olmayacaq. Onların nizamnaməsində müəyyən dəyişikliklər olacaq, onlara əlavə investesiya gətirmək üçün hüquq veriləcək.

Lakin ciddi bir yenilik olacağı gözlənilmir. Əksər universitetlər müəyyən vədlər verirlər ki, tələbə və müəllimlərin rifah vəziyyəti yaxşılaşdırılacaq, amma əksər universitetlərin kampusu yoxdur. Azərbaycanın flaqmanı olan universitetlərin laboratoriyaları ən azı 40 il əvvəl tikilib. Bu vəziyyətdə tələbədən yenilik gözləmək düzgün deyil.

Eyni zamanda, ölkədə alimlərin çoxu bu statusu aldıqdan sonra əmək haqqının artımı üçün çalışır. Halbuki onlar yenilik etməli, elmə, təhsilə fayda verməlidirlər. Bir sözlə, universitetlərin publik-hüquqi şəxsə çevrilməsinin faydalı olması üçün gənc kadrlar cəlb edilməli, kampsular tikilməlidir". 

Ləman İsmayıl 
"Cebheinfo.az"