Bakıdan başqa hansı şəhərlərdə əmlak alırlar?

Bakıdan başqa hansı şəhərlərdə əmlak alırlar?

Bu il bir çox sahədə olduğu kimi daşınmaz əmlak bazarında da müəyyən dəyişikliklər müşahidə olunur.

Belə ki, son dövrlər daşınmaz əmlak bazarında baş verən qiymət artımı əhali tərəfindən də birmənalı qarşılanmır. Bu gün Bakı şəhərinə təlabat yüksək olduğundan əmlak bazarında qiymətlər digər ərazilərlə müqayisədə xeyli bahadır.

Maraqlıdır, Bakı şəhərinə nisbətən ən çox hansı bölgələrdə daşınmaz əmlaka təlabat yüksəkdir?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Bakı xaric daşınmaz əmlak ən çox təlabat məhz Xırdalan-Sumqayıt şəhərlərindədir:

“Xırdalan şəhərində evlərin qiyməti 30 min manatdan başlayır. Əsasən də bunu  yeni tikilən binalara şamil etmək olar. Sumqayıt şəhərində isə qiymətlər müxtəlifdir. Buna səbəb Sumqayıtda yeni tikilən binalardan çox köhnə tikililərin sayının artıq olmasıdır. Onların da qiyməti müxtəlifdir, yəni hər mikrorayona görə qiyməti dəyişir. Hazırda Sumqayıtda 1 otaqlı mənzili 30-35 min manata almaq mümkündür”.

O bildirib ki, Sumqayıtda son illər yeni tikililərin sayında da ciddi artım var:

“Bu gün Sumqayıt şəhərinin girişində "Sumqayıt Baxça Şəhər" yaşayış kompleksi salınıb. Orada evlər daha çox daxili ipoteka krediti ilə satılır. Təqribən 2 və ya 3 otaqlı evin qiyməti uzunmüddətli ipoteka krediti ilə 80-100 min manata almaq mümkündür.

Ola bilsin ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında daşınmaz əmlaka təlabat artsın. Buna səbəb sözügedən bölgələrdə quruculuq və abadlıq işlərinin sürətlə aparılmasıdır.

Əsasən də Ağdam, Füzuli və Şuşa kimi şəhərlərdə daşınmaz əmlaka təlabatın artacağı gözlənilir. Bildirim ki, artıq Ağdam şəhərində hündürmərtəbəli binaların tikintisinə start verilib. Orada evlərin 1 kv/m təqribən 1 400 manat olacağı açıqlanıb”.

Ekspert qeyd edib ki, hazırda bölgələrdə daşınmaz əmlaka təlabat aşağıdır:

“İnsanlar əsasən bölgələrə daha çox istirahət məqsədi ilə səfərlər edirlər. Bu səbəbdən də mövsümlə əlaqədər olaraq orada qiymət artımı müşahidə edə bilərik. Bu gün Bakı, Sumqayıt və Xırdalan kimi daha çox tələbat olan ərazilərdə fərqli olaraq Gəncə və Naxçıvan şəhərlərində də daşınmaz əmlaka təlabat var. Lakin ümümilikdə götürəndə bölgələrdə daşınmaz əmlaka təlabat aşağıdır”.

Həsən Məmmədov
“Cebheinfo.az”