Kənd sakini torpaq istəyir: Bələdiyyə “yoxdur” deyir - FOTOLAR

Kənd sakini torpaq istəyir: Bələdiyyə “yoxdur” deyir - FOTOLAR

Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu tərəfindən "Cebhe.info" xəbər portalının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi iddia edir ki, kənd bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahələri satılıb: 

“Keçmiş bələdiyyə sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyənin ehtiyat fondunda olan 10-15 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq satıb. Bu məsələ ilə bağlı kənd bələdiyyəsinin yeni sədri Ayaz Abdullayevə müraciət etdim. 2 oğlum, 1 qızım var və mənim də uşaqlarıma torpaq sahəsi verilməsini xahiş etdim. Qanunsuz yollarla satılan torpaqlar geri qaytarılsa, həmin torpaqlar həqiqətən də ehtiyacı olan biz kəndlilərə paylanar”. 

Məsələ ilə bağlı Dəhnəxəlil kənd bələdiyyəsinin sədri Ayaz Abdullayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ehtiyat fondda torpaq sahəsi olmadığı üçün Elşən Məhərrəmova torpaq sahəsi ayırmaq mümkün deyil: 

"Ehtiyat torpaq sahələri vətəndaşlara 2020-ci ilə qədər paylanılıb və qurtarıb. Qeyd edim ki, vətəndaş evin tək övladıdır, istifadələrində həyatyanı torpaq sahəsi var. 3 azyaşlı övladı var, hələ məktəbə getmirlər. Yəni bələdiyyədə torpaq sahəsi olsa belə, birinci şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına verilir. Hətta kənddə 18 yaşında evlənən sakinlər var ki, ilk növbədə torpaq onlara ayrılır. Elşən Məhərrəmov da bizim sakinimizdir, əgər gələcəkdə torpaq olarsa, ona da ayıra bilərik”. 

Ləman İsmayıl 
"Cebhe.info"