Valideynlər qorxuda: Azərbaycanda uşaqları öldürən dərman satılır?

Valideynlər qorxuda: Azərbaycanda uşaqları öldürən dərman satılır?

Öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub.

Bu barədə ümumdünya Səhiyyə Təşkilatı (üST) məlumat yayıb. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır. Nəticələr üç ölkədə - Özbəkistan, Qambiya və İndoneziyada yüzlərlə azyaşlı uşaqda aşkarlanıb.

ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, yüksək təsirli dietilen qlikol və etilen qlikolun olduğu təsdiqlənmiş və ya şübhəli bilinən uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb. Sənaye həlledicisi antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır.

üST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.

Maraqlıdır, ölkəmizdə bu tərkibli dərman vasitələri satılırmı?

Cebhe.info-nun əməkdaşı paytaxtda yerləşən bir neçə aptekə baş çəkərək, bu tərkibli preparatların olub-olmaması ilə maraqlanıb. Əczaçılarla söhbət zamanı məlum olub ki, bu tərkibdə dərmanlar satışda yoxdur.

Həmsöhbətlərimiz bildiriblər ki, ölkəmizdə bu tərkibli dərmanlar satışa çıxarılmır. Ancaq sifarişlə gətirilməsi mümkündür. Baş çəkdiyimiz əczaxanalarda bu tərkibli öskürək siroplarına rast gəlmədik. Əczaçıların sözlərinə görə, adıçəkilən tərkib əsas yox, yardımçı vasitələrdir.

Həmsöhbətimizin sözlərinə görə, bu yardımçı vasitə xəstəlikdən sağaltmağa xidmət etmir, sadəcə siroplarda əlavə tərkib olaraq istifadə edilir. Digər əczaçı xanım isə ümumiyyətlə, ölkəmizə bu tərkibli preparatların 7-8 ildir ki, gətirilmədiyini qeyd edib.

Onun sözlərinə görə, həkimlər bu tərkibli siroplar əvəzinə, daha çox bitki tərkibli siroplar yazır. Həmçinin, həmsöhbətimiz ölkədə həkimlərin dərman vasitələrini tərkiblə yox, ad ilə yazdığını bildirib.

Cebhe.info-ya açıqlamasında pediatr Qoşqar İsmayılov isə bildirib ki, bu tərkibli dərmanlar ölkəmizdə var, ancaq şəxsən özü reseptldərində istifadə etmir:

"Bu tərkibli dərman preparatları təbii ki, var. Amma mən bu tərkibdə dərmanları təyin etmirəm, yazmıram. Çünki bəzi tərkibli dərmanları xəstəyə yazmaq doğru deyil".

Həkimdən hansı səbəbdən həmin tərkibli yazılmasını soruşsaq da, pediatr bu sualı cavablandırmayıb.

Naibə
Cebhe.info