Əkrəm İmamoğlu CHP sədri olur? 

Əkrəm İmamoğlu CHP sədri olur? 

Türkiyədə müxalifət içərisində prezidentliyə namizədin kim olacağı ilə yanaşı, digər məsələlər də gündəmdədir.

“Millət İttifaqı”nın namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olacağı təqdirdə, vəzifəsini tərk etməli olacaq. Qaydalara əsasən, Kılıçdaroğlu namizədliyini açıqladıqdan sonra vəzifəsindən getməli və öz yerinə vəkil təyin etməlidir. O, qazacağı təqdirdə isə partiya sədriyindən istefa verəcək və CHP-də növbədənkənar qurultay keçiriləcək. Artıq siyasi kulislərdə bu ehtimalın təsdiqlənəcəyi halda, Kılıçdaroğlunu kimlərin əvəzləyəcəyi ilə bağlı da ehtimallar səsləndirilir. İlk olaraq, ötən həftələrdə sürpriz bir iddia gündəmə gəlib. CHP-yə yaxınlığı ilə bilinən jurnalist Əli Tarakçının xəbərinə əsasən, Kamal Kılıçdaroğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb və prezidentlik yarışında onu dəstəkləməsini istəyib.

Jurnalistin iddiasına görə, Kılıçdaroğlu İmamoğluna bunun qarşılığında CHP sədrliyini vəd edib. Türkiyədə xeyli səs-küyə səbəb olan xəbərlə bağlı heç bir tərəfdən təkzib və ya hər hansısa bir reaksiya gəlməməsi də diqqət çəkib. Bu ehtimal Kılıçdaroğlunun namizədlik yolunda qarşısındakı potensial rəqibi olan İmamoğlunu mübarizədən çəkmək üçün həmlə etməsi kimi dəyərləndirilir. Lakin bunun nə dərəcədə doğru olub-olmadığı sual altındadır. Ancaq Əkrəm İmamoğlunun gələcəkdə CHP-nin başına keçəcəyini düşünən xeyli insan var. üstəlik bu ehtimal son zamanlar tez-tez səsləndirilməyə başlanıb. Əslində Kılıçdaroğlunun özünün İmamoğluna belə bir təklif verdiyinin iddia olunması gözlənilməz addım idi. Lakin bu, bir az 2018-ci il seçkiləri ərəfəsində baş verənləri də bizə xatırlatdı. Çünki həmin seçki ərəfəsində Mühərrəm İncə ilə Kamal Kılıçdaroğlu arasında həm CHP sədrliyi, həm də prezidentliyə namizəd olmaq üçün mübarizə gedirdi. Kılıçdaroğlu sonda İncənin prezidentliyə namizədliyini irəli sürdü və bununla da partiyadakı mövqeyini qorudu.

Əlavə edək ki, İncə prezidentliyə namizəd olduqdan sonra keçirilən qurultayda Kılıçdaroğlu vahid namizəd olaraq girdiyi sədrlik mübarizəsində qələbə qazanaraq vəzifəsinə davam etdi. Mühərrəm İncə isə prezidentlik yarışında Rəcəb Tayyib Ərdoğana məğlub olduqdan sonra, Kamal Kılıçdaroğlu ilə mübahisə edərək CHP-dən ayrıldı. Əslində CHP sədri indi həmin dönəmki strategiyasının əksini aparır. Yəni 2018-ci ildə partiya sədrliyi üçün potensial rəqibinin prezidentliyə namizədliyini irəli sürərək onu "zərərsizləşdirmişdi", indi isə prezidentliyə namizədlik uğrundakı ehtimal olunan rəqibinə CHP sədrlini vəd etdiyi deyilir.

Kılıçdaroğlunun yaşını nəzərə alsaq, prezidentliyə namizəd olmaq və CHP sədrliyi üçün son şanslarından istifadə etdiyini görmək olar. Əkrəm İmamoğlu cəbhəsində vəziyyət necədir? Başda İYİ Partiya, müxalif caməenin əksəriyyəti və hətta xaricdən İmamoğlunun dəstəkləndiyi görünür. Buna baxmayaraq, onun hazırda davam edən bir neçə məhkəməsi var. üstəlik, məhkəmələrin onun barəsində həbs və siyasi qadağa cəzası vermək ehtimalı da olduqca yüksəkdir. Bu isə İmamoğlunu həm prezidentliyə namizəd olmasına, həm də CHP sədriliyi üçün mübarizəyə qoşulmasına imkan verməyəcək. Bir digər ehtimalda isə Kamal Kılıçdaroğlunun sədrlik üçün namizəd olmayaraq, Əkrəm İmamoğlunu dəstəkləyəcəyi və kreslosunu ona verəcəyidir. Bəs Əkrəm İmamoğlu siyasi qadağa ilə üzləşsə, nə olacaq?

Yuxarıda da qeyd etdiyimiz kimi bu qərarın təsdiqlənəcəyi təqdirdə onun üçün CHP sədrliyi və prezidentliyə namizədliyin qapısı bir müddətlik bağlanacaq. Analtiklər isə hesab edirlər ki, Əkrəm İmamoğlunun bu seçkidə olmasa belə, Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində namizəd olmaq ehtimalı yüksəkdir. üstəlik onun gələcək illərdə CHP sədri olaraq prezidentlik mübarizəsinə qoşulacağı güman edilir. ümumiyyətlə, hazırda müxalifət cameəsində Kamal Kılıçdaroğludan sonra CHP liderliyinə ən real namizəd olaraq məhz Əkrəm İmamoğlunun göstərildiyini deyə bilərik. Ekspertlərin fikrincə, Mühərrəm İncədə olduğu kimi bir kriz yaşanmazsa, İmamoğlu bu vəzifəyə gələ bilər. Bənzər bir problem olacağı təqdirdə isə, Əkrəm İmamoğlunun İYİ Partiyaya qatılacağı ehtimalını düşünənlərin olduğunu da qeyd etmək lazımdır.

Yuxarıda sadaladığımız səbəblərə görə, Kamal Kılıçdaroğlunun istefa verəcəyi təqdirdə ondan sonra müəyyən keçid mərhələsi gözlənilir. Həmin ərəfədə isə partiya rəhbərlik etmək potensialı olan 3 şəxsin adı ön plana çıxıb. Onlar partiyanın mətbuat katibi Faik Öztrakdır, CHP-nin sədr müavini Özgür Özəl və partiyanın təşkilatlar üzrə sədr müavini Oğuz Kaan Salıcıdır. CHP-yə yaxın mənbələr İmamoğluna qədər bu namizədlərdən birinin partiya sədri ola biləcəyini söyləyirlər. Namizədin Kamal Kılıçdaroğlu olmayacağı və ya qazanmayacağı təqdirdə isə qurultayla bağlı iki ehtimal diqqət çəkir. Kılıçdaroğlu namizədlik iddiasından vaz keçsə və İmamoğlu barəsində siyasi qadağa cəzası verilsə, CHP-də növbədənkənar qurultay keçirlməsi gözlənilmir. İmamoğlunun siyasətdən uzaqlaşdırılacağı ehtimal olunan dönəmdə isə Kılıçdaroğlunun hansısa qurultayda vəzifəsindən gedəcəyi ehtimal olunmur.

Sadəcə Kılıçdaroğlunun məğlub olacağı təqdirdə, CHP-nin növbədənkənar qurultaya gedəcəyi gözlənilir. Bütün bunlarla yanaşı, İmamoğlu bəraət alarsa, açıq fərqlə qazanacağı belə ehtimal olunur. Əks təqdirdə isə Kılıçdaroğlu sonrası keçid dönəmi başlaya bilər. Hər şeyə rəğmən, bütün bu ehtimallarda belə Kılıçdaroğlunun bir dönəm daha seçilmə ehtimalının olduğu da istisna olunmur. İmamoğlunun siyasi qadağa cəzasının bitdikdən sonrakı ilk qurultayda isə CHP sədrliyi üçün mübarizəyə qoşulacağı gözlənilir. Bütün bunların nə dərəcədə doğru və ya yanlış olduğunu isə zaman göstərəcək.

Yuxarıdakı ehtimallardan öncə “Millət İttifaqı”nın namizədinin kim olacağını və Əkrəm İmamoğlu barəsində məhkəmələrdən hansı qərarın çıxacağını gözləmək lazım gələcək.

Elmir Mustafa
Cebhe.info