Paşinyanla 60 konqresmeni birləşdirən xətt: Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən yayınır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətini təmin etməyə hazır olduqlarını deyib.
Nikol Paşinyan bu barədə MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən zirvə görüşündə çıxışı zamanı danışıb.
Lakin Paşinyan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arsında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını Zəngəzur dəhlizi çərçivəsində deyil, “Sülh kəsişməsi” layihəsi çərçivəsində mümkün hesab edir. “Bu məsələdə biz hazırladığımız “Sülh kəsişməsi” layihəsində öz əksini tapmış konkret qərarlar təklif edirik. Bu layihənin mahiyyəti belədir:
Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel yollarının keçməsini təmin etməyə hazırdır, Gürcüstandan İrana və əks istiqamətdə, eləcə də Türkiyədən Azərbaycana və əks istiqamətdə və s. Biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırıq.
Bizim təkliflərimizə reaksiya verən Azərbaycan qeyd edir ki, Ermənistan regional kommunikasiyaları açmaq istəməsə, Azərbaycan Naxçıvanla əlaqə yaratmaq üçün İran İslam Respublikasının verdiyi imkanlardan istifadə edəcək. Biz, əlbəttə ki, etiraz etmirik.
Çünki bu, iki ölkə arasında suveren münasibətlər məsələsidir.
Amma bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz İran İslam Respublikasının verdiyi şərtlərlə bizim ərazimizlə nəqliyyat əlaqələrini təmin etməyə hazırıq. Bundan başqa, biz qarşılıqlılıq, bərabərlik, suverenlik və tərəflərin yurisdiksiyasına hörmət prinsiplərinə hörmət çərçivəsində sərhəd nəzarəti prosedurlarında bəzi sadələşdirmələr etməyə hazırıq. Bu kontekstdə vurğulayıram ki, Ermənistan Respublikası öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini tam təmin etməyə hazırdır.
Bu, bizim istəyimiz, öhdəliyimizdir və biz buna zəmanət veririk. Yeri gəlmişkən, Ermənistanın hər hansı formada guya üçüncü dövlətlərin onun suveren ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar sadəcə olaraq, həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin suveren öhdəliyidir. Bu, bizim işimizdir və biz bunu etməyə zəmanət veririk”,-deyə Paşinyan bildirib.
Nikol Paşinyanın bu açıqlama ilə bir neçə dəfə çıxış etdiyini nəzərə alsaq, məzmunca demək olar ki, yeni fikir söyləməyib. Yəni Ermənistan rəhbərliyi İranla eyni şərtlər əsasında Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrini təşkil etməyə hazır olduğunu bir neçə dəfə təkrar edib.
Ermənistan tərəfi sözdə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə sadiq olduğunu nümayiş etdirməyə çalışır.
Lakin Paşinyanın çıxışında kommunikasiyaların açılması ilə bağlı həm Azərbaycana, həm də Rusiyaya yönəlik sətiraltı şərtlərin olduğu müşahidə edilir. Ermənistanın Baş naziri nəqliyyat-kommunikasiya marşrutlarının Zəngəzur dəhlizi çərçivəsində deyil, “Sülh kəsişməsi” layihəsi çərçivəsində reallaşmasını təklif edir. Yəni, Paşinyan Zəngəzur dəhlizinin açılmayacağına dair Azərbaycana və Rusiyaya mesaj verir.
Çox güman ki, Paşinyanın Moskvada Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti ilə görüşdən yayınmasının əsas səbəblərindən biri məhz bununla bağlıdır. Çünki üçtərəfli görüşdə siyasi ağırlıq Zəngəzur dəhlizinin açılmasını istəyən qüvvələrin tərəfində olacaqdı. Ona görə də Paşinyan danışıqlardan imtina etməyə üstünlük verdi.
ABŞ-də 60 konqresmen və senatorun Azərbaycana sanksiya tətbiq etmək üçün Dövlət Departamentinə etdiyi müraciətdə Amerika hökumətini regional nəqliyyatın açılmasında Azərbaycanın “Sülh kəsişməsi” layihəsinə çağırışın yer almasına görünür, Paşinyan Zəngəzur dəhlizinin açılmasına dair öhdəliklərdən yayınmaq üçün əlverişli fürsət kimi baxır.
Belə ki, Ermənistan rəhbərliyi Vaşinqtonun siyasi təzyiqləri qarşılığında Azərbaycanın Rusiyanın maraqlarına cavab verən Zəngəzur dəhlizindən imtina edərək “Sülh kəsişməsi” layihəsi ilə barışacağına ümid edir.
Eyni zamanda, Ermənistan konqresmenlərin müraciətinə ABŞ başda olmaqla Qərbdə “Sülh kəsişməsi” layihəsinə beynəlxalq dəstəyin qazanılması imkanı kimi baxır. 10 noyabr Bəyanatından fərqli olaraq, bu layihə ilə bağlı Rusiya və Azərbaycan qarşısında hər hansı öhdəlik mövcud olmadığından, Ermənistan nəqliyyat-kommunikasiya xətlərinə özü nəzarət edəcəyini düşünür. Paşinyanın çıxışındakı digər sətiraltı şərt də məhz təhlükəsizliyə nəzarətlə bağlıdır.
Paşinyan demək istəyir ki, “Araz” dəhlizinə İran nəzarət etdiyi kimi, Zəngəzur dəhlizinin təhlükəsizliyini də Rusiya deyil, Ermənistan hərbçiləri təmin etməlidir. Amma 10 noyabr Bəyanatına görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında hərəkətin təhlükəsizliyini Rusiya Federal Sərhəd Xidmətinin sərhəd qoşunları təmin etməlidir.
Ermənistanın Baş naziri isə bu öhdəliyin mövcudluğunu danmaqla dəhlizə nəzarət hüququnu Rusiyaya verməyəcəyinə işarə edir. Onun Moskvada Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdən qaçmasının bir səbəbi də əslində, sözügedən səbəblə əlaqəlidir. Ermənistanın dəhlizin hər iki tərəfdən giriş və çıxış hissələrində sərhəd-buraxılış və gömrük-keçid məntəqələri quraşdırmaq istəyini Rusiyanın qəbul etməsi mümkündür. Ancaq dəhlizə nəzarət məsələsində tərəflər razılığa gələ bilmir.
Çünki Rusiya Zəngəzur dəhlizi açılsa belə, perspektivdə həmin marşruta nəzarətin ABŞ-nin əlinə keçəcəyindən narahatdır.Vaşinqton isə Rusiyanın və Çinin “Orta dəhliz”dən və onun mühüm hissəsi olan Zəngəzur dəhlizindən istifadəsinə qarşıdır. Ermənistanın malların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin edəcəyinə dair Paşinyanın verdiyi vədlər isə tamamilə yalandır. Çünki 10 noyabr Bəyanatında təhlükəsizliyin təmin olunması Ermənistan silahlı qüvvələrinə deyil, Rusiya sərhəd qoşunlarına həvalə edilib.
Ermənistan isə təhlükəsizliyə zəmanət verən tərəf kimi çıxış edir. 4 ildir Paşinyan hakimiyyəti bu razılaşmanın icrasına əməl etmir. Nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmini ilə bağlı rəsmi İrəvan və Bakı arasında hər hansı saziş, yaxud hüquqi öhdəlik yaradan sənəd imzalanmayıb.
Digər tərəfdən, unutmaq olmaz ki, Ermənistan terrorçu dövlətdir.
Azərbaycana məxsus mallara, nəqliyyat vasitələrinə və azərbaycanlıların həyatına qarşı hər an təhlükə törədə bilər. Xüsusilə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə bu təhlükə daha real görünür. Ancaq Ermənistan nəinki sülh müqaviləsinə, hətta çərçivə sazişinin mətninə Zəngəzur dəhlizinin açılmasına dair bəndin daxil edilməsini istəmir. Belə olan halda, Ermənistanın təhlükəsizliyə təminat verəcəyi barədə söylədiyi fikirlər qeyri-ciddi səslənir.
Müşfiq Abdulla
“Cebheinfo.az”