"Human Rights Watch"-dan İsraillə bağlı hesabat

"Human Rights Watch"-dan İsraillə bağlı hesabat

"Amnesty İnternational" və digər insan haqları qruplarının ardınca "Human Rights Watch" (HRW) İsraili Qəzzada fələstinli mülki şəxslərə lazımi səviyyədə su təmin etməməklə “soyqırım cinayətləri” törətməkdə ittiham edib. 

"Cebheinfo.az" xəbər verir ki, HRW-nin dərc etdiyi 179 səhifəlik hesabatda İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada fələstinlilərin yaşamaq üçün lazım olan suya çıxışına mane olduğu açıqlanıb.

Hesabatda İsrailin elektrik stansiyalarını işlədən günəş panellərini, su çənlərini və təmir avadanlığı olan anbarları hədəfə aldığı, həmçinin generatorlar üçün yanacağın girişini bağladığı bildirilib.

HRW-nin icraçı direktoru Tirana Hassan "Bu, səhlənkarlıq deyil. Bu, hesablanmış məhrumiyyət siyasətidir. Bu, minlərlə insanın susuzluqdan və xəstəlikdən ölməsinə səbəb olub və bu, "məhv" aktıdır, insanlığa qarşı cinayətdir. Eyni zamanda, həm də soyqırımı cinayətidir”,- deyib.

Hesabat Qəzzadakı su idarələrindən, səhiyyə işçilərindən və peyk görüntülərinin təhlilindən əldə edilən məlumatlara əsaslanır.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein "X" sosial media platformasındakı paylaşımında HRW-nin ittihamlarını rədd edərək hesabatı “təbliğat” kimi qiymətləndirib.

Marmorstein İsrailin Qəzzaya su və humanitar yardım axını təmin etdiyini, su kəmərləri və təmizləyici qurğuların işlək vəziyyətdə olduğunu iddia edib: "Bu hesabat HRW-nin aşağı standartları ilə müqayisədə belə iyrənc yalanlarla doludur".

HRW-nin hesabatı insan haqları təşkilatlarının İsrailin Qəzzada apardığı hərbi kampaniyada “soyqırım” törətdiyinə dair bir sıra ittihamların sonuncusudur.

Nigar Hacılı 
"Cebheinfo.az"