Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil?

Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil?

Sosial fərqlərin artması müasir cəmiyyətlərin qarşılaşdığı ən aktual iqtisadi və sosial problemlərdən biridir.

Gəlir, təhsil, məşğulluq və həyat səviyyəsi arasındakı fərqlərin genişlənməsi insanların imkan bərabərliyini zəiflədir və cəmiyyət daxilində təbəqələşməni daha da gücləndirir.

Bu vəziyyət yalnız fərdi rifah səviyyəsinə deyil, həm də ümumi iqtisadi sabitliyə, əmək bazarının tarazlığına və uzunmüddətli inkişaf perspektivlərinə birbaşa təsir göstərir.

Qloballaşma prosesləri, texnoloji yeniliklər və əmək bazarında baş verən struktur dəyişikliklər bu fərqlərin daha da dərinləşməsinə şərait yaradır. Eyni zamanda, bəzi sahələrdə gəlirlərin sürətlə artması, digər sahələrdə isə gəlirin azalması sosial təbəqələşməni artırır.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, cəmiyyətdə sosial fərqlərin artmasının əsas iqtisadi səbəbləri gəlirlərin qeyri-bərabər paylanması, əməkhaqqı səviyyələri arasındakı böyük fərqlər, işsizlik, təhsil və peşə imkanlarına çıxışdakı bərabərsizlik, eləcə də kapital və əmlakın müəyyən qrup insanların əlində cəmləşməsidir:

“İnflyasiya və qiymət artımları da aşağı gəlirli təbəqələrin vəziyyətinə daha çox təsir göstərərək sosial fərqləri dərinləşdirə bilir. Gəlir bərabərsizliyi daha çox əmək bazarında, biznes fəaliyyətində, maliyyə və daşınmaz əmlak sektorlarında formalaşır.

Yüksək ixtisaslı və yüksək gəlirli sahələrdə çalışan şəxslərlə aşağı maaşlı işlərdə çalışanlar arasında gəlir fərqi yaranır. Bundan əlavə, investisiya, əmlak və digər aktivlərdən gəlir əldə edən insanların qazancı daha sürətlə artdığı üçün bərabərsizlik dərinləşə bilir.

Sosial fərqlərin azaldılması üçün dövlət məşğulluğun artırılmasına, keyfiyyətli təhsilə çıxışın genişləndirilməsinə və sosial müdafiə proqramlarının gücləndirilməsinə diqqət yetirməlidir.

Aşağı gəlirli ailələrə dəstək mexanizmlərinin təkmilləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi, kiçik və orta sahibkarlığın təşviqi, eləcə də əməkhaqlarının artımını dəstəkləyən iqtisadi siyasət sosial bərabərliyin güclənməsinə kömək edə bilər”.

İqtisadçı qeyd edib ki, bu addımlar gəlirlərin daha ədalətli bölüşdürülməsinə və əhalinin rifahının yüksəlməsinə şərait yaradar.

Aişə Abdulova
“Cebheinfo.az”