“Bir kəndin taleyi” filminin çəkilişi başa çatıb - FOTOLAR

“Bir kəndin taleyi” filminin çəkilişi başa çatıb - FOTOLAR

Aydınlar Ocağı Humanitar İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bir kəndin taleyi” sənədli filminin çəkilişləri uğurla başa çatıb.

Layihə işğaldan azad olunmuş Laçın rayonunun Arduşlu kəndinin işğaldan əvvəlki həyatı, işğal dövründə yaşanan faciələr və azadlıqdan sonrakı qayıdış prosesini əhatə edir. Filmin əsas məqsədi kənd sakinlərinin yaddaşında yaşayan xatirələri, doğma yurda bağlılığı və qələbədən sonra yaşanan sevinc hisslərini gələcək nəsillərə çatdırmaqdır.

Layihə çərçivəsində Arduşlu kəndinin 100 nəfərə yaxın sakininin kəndə səfəri təşkil olunub və onların iştirakı ilə müxtəlif məkanlarda çəkilişlər aparılıb. Səfər zamanı sakinlər ilk olaraq kənd qəbiristanlığını ziyarət edərək Birinci Qarabağ müharibəsində şəhid olmuş kənd övladarının, eləcə də erməni vandalizmi nəticəsində dağıdılmış məzarların önündə dualar oxuyublar.

Çıxış edən sakinlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunması onların ən böyük arzularını gerçəkləşdirib. Onlar şəhidlərimizin ruhunun bu gün şad olduğunu, doğma torpaqlara qayıdışın isə illərin həsrətinə son qoyduğunu vurğulayıblar.

Filmdə kənd sakinləri erməni vandalizmi nəticəsində dağıdılmış evlərini, təhsil aldıqları məktəbi, mədəniyyət evini və digər inzibati binaların qalıqlarını ziyarət edərək keçmiş xatirələrini bölüşüblər. Bir vaxtlar həyat dolu olan kəndin bugünkü mənzərəsi iştirakçılarda həm nisgil, həm də qürur hissi yaradıb.

Şəhidlər Xıdır Cabbarovun, Seyfəli Qədirovun, Ənvər Qasımovun, Söhrab Əsgərovun, Əzim Qasımovun, İdris Alməmmədovun və digər kənd sakinlərinin yaxınları çıxış edərək məcburi köçkünlük həyatının ağır nəticələrindən, doğmalarının itkisinin yaratdığı acıdan danışıb, Qələbədən sonra böyük mənəvi təsəlli tapdıqlarını bildiriblər.

Filmdə Arduşlu kənd orta məktəbinin tarixindən də bəhs olunur. Qeyd edilir ki, 1992-ci ildə Laçın rayonunun işğalından sonra məktəb də məcburi köçkün həyatı yaşamağa məhkum olub və Ağcabədi rayonunda şəhid Xıdır Cabbarov adına tam orta məktəb kimi fəaliyyətini davam etdirib. 

Məktəbin keçmiş müəllim və şagirdləri dağıdılmış məktəb binasının qalıqları arasında çəkilən kadrlarda dünyasını dəyişmiş müəllimlərini, şəhid olmuş sinif yoldaşlarını və məktəb illərini ehtiramla xatırlayıblar.

Kəndin Mədəniyyət Evinin əməkdaşları, incəsənət nümayəndələri və sənətkarları da filmdə çıxış edərək Arduşlunun zəngin milli-mənəvi dəyərləri, folkloru, adət-ənənələri və mədəni mühiti barədə fikirlərini bölüşüblər.

Layihənin yekun çəkilişlərinin 28 May – Müstəqillik Günü və Qurban bayramı günlərinə təsadüf etməsi iştirakçılar üçün xüsusi rəmzi məna daşıyıb. Bu əlamətdar günlər kənd sakinlərinin qəlbində illərin ağrı-acısını qələbə sevinci və bayram ovqatı ilə əvəz edib.

“Bir kəndin taleyi” filmi təkcə Arduşlu kəndinin deyil, işğaldan azad olunmuş bütün yaşayış məntəqələrinin keçdiyi taleyüklü yolun, yurd həsrətinin və Böyük Qayıdışın bədii-sənədli salnaməsi kimi tamaşaçılara təqdim olunacaq.

"Cebheinfo.az"