Razi Nurullayevin müavini: "Onun əleyhinə kampaniya aparılır"

Razi Nurullayevin müavini: "Onun əleyhinə kampaniya aparılır"

“Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev həm parlamentdəki çıxışlarında, həm də ictimai görüşlərində “uşaqpulu”nun verilməsi məsələsini dəfələrlə gündəmə gətirib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bu təşəbbüs cəmiyyət tərəfindən də ciddi şəkildə dəstəklənir:

“Millət vəkili müxtəlif dövrlərdə bu sosial məsələnin aktuallığını vurğulayıb, həm parlament seçkiləri zamanı, həm də prezidentliyə namizəd olduğu dövrdə “uşaqpulu” məsələsini əsas sosial prioritetlərdən biri kimi təqdim edib.

Son günlər bəzi sosial şəbəkə platformalarında Razi Nurullayev əleyhinə “qara piar” kampaniyasının aparıldığı və onun adından saxta məlumatların yayıldığı müşahidə olunur.

Bu cür dezinformasiyalar onun siyasi nüfuzuna zərbə vurmağa hesablanıb. Lakin deputatın seçicilərlə keçirdiyi görüşlər, qaldırdığı sosial məsələlər və ictimai fəaliyyətinin geniş dəstək qazanması müəyyən dairələrdə narahatlıq və qısqanclıq yaradır.

Hər bir halda ictimaiyyət arasında saxta və yalan məlumatların yayılması hüquqi məsuliyyət yaradır və bu cür hallara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. 

Bu gün  Razi Nurullayevin fəaliyyətinin əsas istiqaməti seçicilərin sosial maraqlarının müdafiəsi və ictimai problemlərin gündəmdə saxlanılmasından ibarətdir”.

“Cebheinfo.az”