300 min azərbaycanlı Qərbi Azərbaycana qayıdarsa: İrəvanın mərkəzində videoçarx
Ermənistanın İrəvan şəhərindəki Respublika Meydanında 300000 azərbaycanlının Ermənistanda məskunlaşması “təhlükəsi” ilə bağlı süni intellektlə hazırlanmış video nümayiş etdirilib.
“Cebheinfo.az” erməni mətbuatına istinadən məlumatına görə, İrəvanın Respublika Meydanında Sistamvel Karapetyanın "Güclü Ermənistan" blokunun mitinqi keçirilib. Bundan əvvəl partiya tərəfdarları İrəvanın mərkəzindən təxminən 10 km şimalda, Arabkir rayonunda yerləşən Müqəddəs Xaç Kilsəsindən (Surb Xaç) mitinq yerinə yürüş ediblər.
İrəvanın mərkəzində boş səhifələri olan nəhəng bir kitab qurulub. Meydana "Səfərovun ( azərbaycanlıların ümumiləşdirilmiş obrazı-red.)qayıdışının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsini dəstəkləyənlər toplaşıblar.
Bu qanun layihəsi Emənistanda azərbaycanlılara torpaq və daşınmaz əmlak əldə etməyi qadağan edir. "Güclü Ermənistan" hökumətin ilk iclasında bu qanun layihəsini təsdiqləyəcəyinə söz verib.
Meydandakı böyük ekranlarda süni intellektdən istifadə edərək hazırlanmış və 300 000 azərbaycanlının Ermənistana mümkün köçürülməsinin nəticələrini göstərən video da nümayiş etdirilib.
"Güclü Ermənistan" blokunun aparıcı spikeri Narek Karapetyan 7 iyun tariximizdə həlledici bir gün olduğunu qeyd edərək hər kəsi seçki məntəqələrinə getməyə çağırıb:
"Gedin ki, onlar da gedə bilsinlər".
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. On altı partiya və iki blok seçkidə iştirak edəcək.
Bunlar Ermənistan və “Güclü Ermənistan” blokları, eləcə də “Vətəndaş Müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Hamıya qarşı”, Demokratik Konsolidasiya, Birlik qanadları, Maariflənmiş Ermənistan, Milli Demokrat Qütb, Xristian Demokrat Partiyası, Ermənistan Milli Konqresi, Yeni Qüvvə, Respublika, İslahatçı Partiya, Demokratiya, Qanun, Nizam, Milli Dirçəliş və Millətin Oyanışı, Respublika Naminə Demokratiya Müdafiəçiləri Birliyi partiyalarıdır.
Xəzər
“Cebheinfo.az”

