2 milyardlıq məhsul üçün: Kəndlərlə bağlı plan olmalıdır

2 milyardlıq məhsul üçün: Kəndlərlə bağlı plan olmalıdır

Azərbaycanda aqrar və qida məhsullarının ixracının həcminin 2030-cu ilədək 2 milyard dollara çatdırılması hədəflənir.

Bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin aqrar və qida məhsulları ixracı təxminən 1,5 milyard dollar səviyyəsindədir:

“2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında əsas məqsədlərdən biri kənd təsərrüfatında illik ümumi daxili məhsul artımını minimum 2 faiz səviyyəsində saxlamaq və daha yüksək nəticələr əldə etməkdir”.

Z.Əliyev qeyd edib ki, proqram çərçivəsində aqrar və qida məhsullarının ixracında da davamlı artımın təmin olunması nəzərdə tutulur:

“Belə ki, bu sahədə illik artım tempinin 6 faizdən yuxarı olması hədəf kimi müəyyənləşdirilib. Bundan əlavə, proqramda nəzərdə tutulan tədbirlər əsasən fundamental xarakter daşıyır və aqrar sektorun uzunmüddətli inkişafına xidmət edir”, - deyə nazir müavini əlavə edib.

Bu hədəfə çatmaq üçün hansı əsas addımlar atılmalıdır? Mövcud subsidiya mexanizmləri aqrar istehsalın və ixracın artırılması üçün kifayət edirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, məhsul istehsalının sadəcə həcmini deyil, əlavə dəyərini artırmaq da vacibdir:

“Aqrar və qida məhsullarının ixracını 2030-cu ilə qədər 2 milyard dollara çatdırmaq üçün ilk növbədə məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, yüksək məhsuldar toxum və texnologiyaların tətbiqi vacibdir.

Eyni zamanda məhsulların emalı, qablaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər gücləndirilməlidir. Yeni ixrac bazarlarının tapılması, logistika imkanlarının yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının xarici bazarlarda tanıdılması da mühüm rol oynayır.

Məhsul istehsalının sadəcə həcmini deyil, əlavə dəyərini artırmaq da vacibdir. Çünki emal olunmuş və hazır qida məhsulları xammaldan daha yüksək gəlir gətirir. Bu baxımdan aqrar sənaye müəssisələrinin inkişafı ixrac hədəflərinə çatmağa kömək edə bilər”.

O qeyd edib ki, mövcud subsidiya mexanizmləri kənd təsərrüfatının inkişafına müəyyən dəstək verir və istehsalçıların xərclərinin bir hissəsini azaltmağa imkan yaradır:

“Lakin təkcə subsidiyalarla yüksək ixrac artımına nail olmaq çətin görünür. Subsidiyalarla yanaşı fermerlərin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, aqrar sığorta sisteminin inkişafı, elmi yanaşmaların tətbiqi və bazara çıxış imkanlarının artırılması da vacibdir.

Subsidiyaların daha çox məhsuldarlığı, innovasiyaları və ixracyönümlü istehsalı təşviq edən istiqamətlərə yönəldilməsi isə daha effektiv nəticələr verə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”