“Müharibə Füzulidə bitərdi, əgər...”- Karapetyan Paşinyanla söhbətini açdı - İLK DƏFƏ
“Əgər Baş nazir Nikol Paşinyan mənim təkliflərini dinləsəydi, 44 günlük müharibə Füzuli mərhələsində dayandırıla bilərdi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu "Güclü Ermənistan" blokundan baş nazirliyə namizəd Samvel Karapetyan bildirib.
O, “168.am”-a verdiyi müsahibədə 2020-ci il hərbi əməliyyatları zamanı baş nazirlə söhbətlərini ətraflı izah edib:
"Əgər o, məni ilk dəfə dinləsəydi, biz yalnız üç rayonu itirərdik və müharibə Füzulidə dayanardı. Amma o, təkəbbürlə "biz qalib gəlirik" deyə inanırdı, bəs qalib gəliriksə, niyə dayandırdı? Əgər o, məni dinləsəydi, Şuşanı mütləq itirməzdik", - deyə Karapetyan bildirib.
O, müharibəni bitirməyin mümkün yolları barədə Paşinyanla bir neçə dəfə söhbət etdiyini deyib.
Karapetyanın sözlərinə görə, müharibənin əvvəlində Paşinyan "çox təkəbbürlü" davranıb və Ermənistan tərəfinin qalib gəldiyini iddia edib. Karapetyan, həmçinin etiraf edib ki, Paşinyanın özü cəbhədəki vəziyyət barədə yanlış məlumatlandırıla bilərdi.
"Sonradan hər şey səhv yola düşdü", - deyə "Güclü Ermənistan"ın lideri qeyd edib.
Karapetyan müharibənin sona çatmasının mümkün yollarının təfərrüatlarını açıqlamaq istəmədiyini söyləyərək, Paşinyanın bunlardan xəbərdar olduğunu vurğulayıb.
"Bu sirrdir, amma Paşinyan bunu çox yaxşı bilir. Mən müharibəni dayandırmağa çalışmadım, onu dayandırmaq üçün hər şeyi etdim. Məncə, bu yolda müəyyən uğurlar qazandım ki, bunu müzakirə etmək istəməzdim. Paşinyan istəsə, şərh verə bilər", - deyə Karapetyan əlavə edib.
Xəzər
“Cebheinfo.az”

