Telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır?

Telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır?

“Bu həftəni kibertəhlükəsizlik həftəsi adlandırmaq olar. 

İki gün öncə Prezidentin Fərmanı ilə sektorda yeni bir dövlət qurumu – RİNN-in tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı. Ötən gün ETN İnformasiya Texnologiyaları İnstitutu, DTX-nin Heydər Əliyev adına Akademiyası, AzTU və AKTA-nın təşkilatçılığı ilə "Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" mövzusunda respublika elmi-praktiki konfrans keçirildi. 

Adı çəkilən quurmlar sektor üçün çox faydalı bir müzakirə platforması yarada biliblər və zaman-zaman da bütün maraqlı tərəflərin iştirakı ilə bu platformada faydalı müzakirələr keçirilir. Bu gün isə AKTA və DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O, ötən gün rəqəmsal kriminalistika ilə bağlı keçirilən konfransda qaldırdığı bir məsələyə yenidən qayıdıb:

“Həqiqətən də son illərdə, xüsusilə də son 4 ildə ölkənin kiber ekosistemi ciddi inkişaf yolu keçib. Yeni infrastruktur formalaşıb, institusional dəyişikliklər baş verib, beynəlxalq təşkilatlarda təmsilçilik genişlənib, qlobal reytinqlərdə irəliləyişlər əldə olunub. 

Eyni zamanda, bir müddət öncə elektron verilənlərin və rəqəmsal sübutların qanunvericiliyə daxil edilməsi də mühüm və mütərəqqi addım hesab edilməlidir. Bu dəyişikliklər transsərhəd kibercinayətlərlə mübarizə, elektron sübutların hüquqi statusunun müəyyənləşdirilməsi və rəqəmsal mühitdə baş verən hadisələrin araşdırılması üçün yeni imkanlar yaradır.

Konfransda da rəqəmsal kriminalistika, standartlar, kadr hazırlığı, laboratoriyalar və elmi yanaşmaların vacibliyi ətrafında maraqlı müzakirələr aparıldı. Sektorun aparıcı rəsmilərinin və generallarının təqdimatları və çıxışları, Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərovun çıxışı mövcud vəziyyəti və gələcək çağırışları daha aydın görməyə imkan verdi.

Mən çıxışımda bir məqamı xüsusilə vurğuladım. Rəqəmsal kriminalistikanın inkişafı ilə, rəqəmsal sübutların istifadəsilə  rəqəmsal insan hüquqlarının qorunması paralel şəkildə təmin olunmalıdır. Bu, yalnız Azərbaycanla bağlı məsələ deyil, bu gün dünyada da ən çox müzakirə olunan məsələlərdən biri məhz budur. 

Süni intellekt, deepfake texnologiyaları, bulud xidmətləri, sosial şəbəkələr və mobil tətbiqlər fonunda artıq əsas sual yalnız kibercinayətlərin aşkar edilməsi deyil. Əsas məsələ həm də rəqəmsal sübutların etibarlılığı və vətəndaş hüquqlarının necə qorunacağıdır”.

O. Gündüz bildirib ki, evdə axtarış aparılması üçün adətən  məhkəmə qərarı tələb olunur:

“Bu gün insanın şəxsi və peşə həyatı, yazışmaları, şəkilləri, sənədləri, maliyyə məlumatları, hər şeyi  əsasən telefonunda və kompüterində saxlanılır. 

Belə olan halda sual yaranır ki, əgər artıq evdəki şəxsi məlumatlardan  daha çoxu telefondadırsa, onda telefonda axtarış üçün məhkəmə qərarının olması məntiqli olmazdımı? 

Bu baxımdan, düşünürəm ki,  kompüterə, telefonlara  çıxış və onların araşdırılması məsələsində hüquqi təminatların və məhkəmə nəzarətinin gücləndirilməsi vacibdir.

Fikrimcə, bütün həyatımızın toplandığı telefon və kompüterlərə münasibət də yeni yanaşma tələb edir. Bu proses hansısa əməliyyat əməkdaşının "telefonun şifrəsini ver" tələbi səviyyəsində qalmamalıdır. 

Şəxsin saxlanılması avtomatik olaraq onun mobil telefonunun məzmununun araşdırılması hüququnu da verməməlidir. Burada həm vətəndaş hüquqları, həm də hüquqi prosedurlar aydın şəkildə tənzimlənməlidir.

Digər mühüm məsələ isə rəqəmsal sübutların etibarlılığıdır. Kompüter və ya telefon sübut kimi götürüldükdə vətəndaş əmin olmalıdır ki, həmin məlumatlarda sonradan heç bir dəyişiklik edilməyib. 

Bunun üçün beynəlxalq praktikada tətbiq olunan rəqəmsal sübutların götürülməsi, surətinin çıxarılması, saxlanılması, ekspertizası və məhkəməyə təqdim olunması üzrə standartların ölkəmizdə də formalaşdırılması vacibdir.

Düşünürəm ki, qanunvericilikdə rəqəmsal sübutlarla bağlı atılan addımların növbəti mərhələsi rəqəmsal kriminalistika laboratoriyalarının yaradılması, müstəqil ekspertiza imkanlarının genişləndirilməsi və beynəlxalq standartlara uyğun prosedurların tətbiqi olmalıdır. 

Rəqəmsal transformasiya dərinləşdikcə kibertəhlükəsizlik, rəqəmsal kriminalistika və rəqəmsal insan hüquqları bir-birini tamamlayan istiqamətlər kimi inkişaf etməlidir. 

Güclü rəqəmsal dövlət yalnız texnologiyalarla deyil, həm də vətəndaşların hüquqlarını və rəqəmsal azadlıqlarını qoruyan etibarlı mexanizmlərlə qurulur”.

Gülər 
“Cebheinfo.az”