"Təhlükəli element" filminin məşhur rejissoru kədərdən vəfat etdi
"Persepolis" animasiya filmi və "Təhlükəli element" bioqrafik dramının müəllifi kimi tanınan iranəsilli fransalı rəssam, yazıçı və rejissor Marcan Satrapi 56 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Rejissorun ətrafındakı şəxslərin sözlərinə görə, Marcan Satrapi həyat yoldaşı və ömrünün böyük sevgisi Mattias Ripanın vəfatından təxminən bir il sonra kədərdən dünyasını dəyişib.
Qeyd edək ki, Satrapi 1969-cu il noyabrın 22-də İranın Rəşt şəhərində dünyaya göz açıb. O, maddi cəhətdən təmin olunan və siyasi baxımdan fəal bir ailədə boya-başa çatıb. Valideynləri əvvəlcə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə, daha sonra isə İslam Respublikasının qoyduğu qadağalara etiraz ediblər. Satrapi sərt rejim şəraitində keçən gənclik illərinin təcrübəsini sonradan əsasında animasiya filmi lentə alınan "Persepolis" qrafik romanında (komikslər) təsvir edib. Vensan Paronno ilə ortaq çəkilən "Persepolis"in ekranlaşdırılması 2007-ci ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb, növbəti il isə "Ən yaxşı tammetrajlı animasiya filmi" nominasiyasında 2008-ci il "Oskar"ına namizəd göstərilib.
2012-ci ildə Satrapi "Yotas dəstəsi" adlı kriminal komediya ilə bədii film rejissoru kimi ilk addımını atıb və bu filmdə rollardan birini özü canlandırıb. Satrapinin ən son yaradıcılıq işi Monika Belluççinin də rol aldığı "Paris-maris" adlı qara komediya olub.
Təxminən bir il əvvəl, 2025-ci il aprelin 8-də Satrapinin əri - prodüser, aktyor və ssenarist Mattias Ripa həyatla vidalaşmışdı.
"Cebheinfo.az"

