İki nüvə ölkəsi müharibə astanasında

İki nüvə ölkəsi müharibə astanasında

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanla münasibətlərin son dərəcə təhlükəli mərhələyə çatdığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o, "Al Jazeera" telekanalına açıqlamasında xəbərdarlıq edib ki, iki ölkə arasında yaşanan son hadisələr nüvə qarşıdurmasına səbəb ola bilər.

“Bu mübahisə çox ciddi xarakter daşıyır. Həm Hindistan, həm də Pakistan nüvə silahına malik ölkələrdir və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsindəki məşhur turistik şəhər Pahalgamda silahlı hücum baş verib. Hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub, çox sayda insan isə yaralanıb. Silahlılar hadisə yerindən qaçıb.

Hindistanın kəşfiyyat orqanları hücumun arxasında Pakistanda yerləşən “Ləşkər-e-Tayyibə” qruplaşmasının dayandığını bildirir.

"The Hindustan Times" qəzeti yazır ki, hücumun Pakistanın hərbi kəşfiyyat xidməti (ISI) tərəfindən yönləndirildiyinə dair sübutlar var.

Bundan sonra Hindistan tərəfi sərt tədbirlər görüb. İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını yarıya endirib, Pakistan səfirliyindəki hərbi müşavirləri ölkədən çıxarıb, iki ölkə arasındakı “Attari” sərhəd-keçid məntəqəsini bağlayıb. Eyni zamanda, Hindistan su ehtiyatlarının paylaşımı ilə bağlı razılaşmanı və Pakistan vətəndaşlarına vizaların verilməsini dayandırıb.

Xatırladaq ki, Pakistanın Təhlükəsizlik Şurası Hindistanla bütün ikitərəfli razılaşmaların dayandırıldığını açıqlayıb. Həmçinin, İnd çayının sularının yönləndirilməsi cəhdini “müharibəyə bərabər addım” kimi qiymətləndirəcəklərini bildirib.

Bununla yanaşı, Pakistan Hindistana hava məkanını bağlayıb, “Vağa” sərhəd-keçid məntəqəsini bağlayıb və Hindistanın müdafiə, dəniz və aviasiya üzrə müşavirlərini ölkədən çıxarıb.

Səbinə Uğur 
"Cebheinfo.az"